Suraxanı RİH: Vətəndaşın iddiası əsassızdır

Suraxanı Rayon İcra Hakimiyyəti saytların birində yayınlanmış məlumata münasibət bildirib. SİA-ya verilən məlumatda deyilir ki, vətəndaş Şahverdiyev İlyas Əziz oğlu ərizə ilə Suraxanı RİH-ə müraciət edərək uzun müddət istifadəsində olan daş qarajın adına sənədləşdirilməsini xahiş edib. Ərizəyə əlavə olunmuş arayışlardan uzun müddət istifadəsində olduğu təsdiq edilən mövcud qarajın onun adına sənədləşdirilməsi haqqında Suraxanı RİH başçısının 17.03.2009-cu il tarixli sərəncamı verilib, tikinti və abadlıq işləri ilə əlaqədar zərurət yarandığı təqdirdə qarajın sökülə biləcəyi barədə vətəndaşa xəbərdarlıq edilib.

Məlum Sərəncamın verilməsindən 3 ilə yaxın müddət keçdikdən sonra 2012-ci ilin oktyabr ayında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə ev 1, mənzil 39 ünvanda yaşayan vətəndaş Şoşanova Emma Ələkbər qızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə teleqram ünvanlayaraq Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə, 1 saylı evin 39-cu mənzilinin yanındakı təsərrüfat otağına istifadə hüququnun bərpa edilməsinə dair köməklik göstərilməsini xahiş edib.

Baxılması üçün Suraxanı RİH-ə göndərilmiş teleqramın araşdırılması zamanı müəyyən edilib ki, vətəndaş Şoşanova Emma Ələkbər qızının iddiası əsasında Suraxanı RİHB-nin 17.03.2009-cu il tarixli 77 saylı sərəncamının ləğv edilməsi və Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə, 1 saylı evin 39-cu mənzilinin yanındakı təsərrüfat otağına istifadə hüququnun müəyyən edilməsi barədə mülki işə Suraxanı rayon məhkəməsində baxılıb və 07.12.2010-cu il tarixli 2(010)-1065/2010 saylı qətnamə ilə mülki iş üzrə Şahverdiyev İlyas Əziz oğlunun qarşılıqlı iddiası əsasında Suraxanı RİHB-nin 04.12.1998-ci il tarixli 2127 saylı sərəncamı etibarsız hesab edilib, E.Şoşanovanın iddiası isə rədd edilib.

Vətəndaş E.Şoşanovanın sözügedən qətnamədən verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılıb və 27.04.2011-ci il tarixli 2(103)-1201/2011 saylı qətnamə ilə şikayət qismən təmin edilərək Suraxanı RİHB-nin 04.12.1998-ci il tarixli 2127 saylı sərəncamının etibarsız hesab edilməsi barədə olan hissəsi ləğv edilib, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılıb (vətəndaş E.Şoşanovanın təsərrüfat otağına istifadə hüququ təmin olunmayıb).

Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsindən vətəndaş E.Şoşanovanın verdiyi kassasiya şikayətinə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılaraq 11.10.2011-ci il tarixli 2(102)-3038/2011 saylı qərarla şikayət yenə də təmin edilməyib, beləliklə, E.Şoşanovanın təsərrüfat otağına istifadə hüququ təmin olunmayıb və qərar qəbul edildiyi andan qüvvəyə minib.

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 05.11.2012-ci il tarixdə keçirdiyi qəbulu zamanı vətəndaş E.Şoşanovaya araşdırma zamanı müəyyən olunmuş yuxarıda qeyd olunan hallar barədə yazılı və şifahi olmaqla ətraflı məlumat verilib, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216.2. maddəsinə görə, məhkəmə qətnamələrinin Azərbaycan Respublikası adından çıxarıldığı, həmin Məcəllənin 234-cü maddəsinə əsasən qətnamənin qanuni qüvvəyə mindikdən sonra icra edildiyi onun diqqətinə çatdırılıb. Eyni zamanda 16.03.2013-cü il tarixdə www.pia.az saytında vətəndaş E.Şoşanova tərəfindən verilmiş məlumata əsasən bildiririk ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə məsuliyyət müyyən edildiyini nəzərə alaraq bununla bağlı Suraxanı RİH tərəfindən aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə