Hərbi hissədə bayram tədbiri keçirilib FOTO

Hərbi hissədə bayram tədbiri keçirilib FOTO

Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Novruz bayramı münasibətilə Fövqəladə Hallar Nazirliyinin "N" saylı hərbi hissəsində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Qaradağ RGİİ, Xəzər RGİİ, Xətai RGİİ-nin əməkdaşları və hərbi hissənin rəhbərliyi iştirak ediblər.

Tədbirdə hərbi hissənin yüksək rütbəli zabitləri və Baş İdarənin sektor müdiri Zamin Əhmədov çıxış edərək qarşıdan gələn Novruz bayramı münasibətilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb.

Natiqlər işğal altında olan bütün Azərbaycan torpaqlarının ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduqlarını, lazım gələrsə, Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildiriblər.

Sonra bir qrup əsgər və zabit heyətinə Baş İdarə tərəfindən hərbi xidmətdə fərqləndiyinə görə diplom və xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə