Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejimindədir

Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejimindədir

Novruz Bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalında sıxlıq yaşanır. Belə ki, Bayramı rayonlarda qeyd edtməyə hazırlaşanlar avtovağzala üz tuturlar. Beynəlxalq Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev SİA-ya açıqlamasında bildirib ki, Bayram günlərilə əlaqədar paytaxtdan bölgələrə gedən nəqliyyat vasitələrində sərnişin sıxlığı müşahidə olunur: "Bununla əlaqədar Avtovağzalın rəhbərliyi tərəfindən tədbirlər planı hazırlanıb. Bu plana əsasən Avtovağzal mart ayının 16-dan 26-dək gücləndirilmiş iş rejimində çalışacaq. Artıq üç gündür ki, sıxlıq davam edir. Bütün reyslər nəqliyyat vasitələrilə tam təmin olunub. Nəticədə hər bir sərnişin vaxtında ünvanına çatdırılır".

Gün ərzində 200 avtobusun əlavə olaraq reyslərə buraxıldığını deyən Avtovağzal rəsmisi bildirib ki, adi günlərdə 300-350 ədəd nəqliyyat vasitəsilə 7000-7500 sərnişin yola salınırdısa, artıq bayram günlərində 500-550 nəqliyyat vasitəsilə 12000 sərnişin yola salınıb.

Məhəmməd Abdullayev onu da qeyd edib ki, yaranan sıxlıqdan istifadə edən "işgüzar" avtobus sürücülərinin bu bayramda sərnişinləri aldatmaq niyyətləri baş tutmayacaq: "Paytaxtdan bölgələrə getmək üçün əldə olunan biletlət yalnız və yalnız avtovağzalın kassalarında satılır. Biletlərin qiymətlərində də heç bir dəyişiklik yoxdur. Yəni adi günlərdə biletlərin qiyməti necə idisə.ş bayram günlərində də elə olacaq. Avtovağzalın nəzdində 8 nəfərdən ibarət qiymət komissiya yaradılıb. Ötən illərdə bizim bayram günlərində sərnişin daşınması üçün kənardan dəvət etdiyimiz sürücülər qiymət artımına cəhd edirdilər. Lakin bu il kənardan dəvət olunan sürtücülərin sayı azladılıb, müqavilə əsasında işləyən sürücülərin isə sayı çoxaldılıb. Bu il də biletlərin sürücülər tərəfindən satılması və ya sürücülər tərəfindən bilet qiymətlərinin qaldırılması kimi neqativ hallar yaşanarsa komissiya üzvləri məsələyə müdaxilə edərək həmin nəqliyyat vasitəsini reyslərdən uzaqlaşdıracaq. Diqqətinizə çatdırım ki, 10 gün öncədən təyin olunmuş cədvəl üzrə bilet satışları davam edir".

Bakı Beynəlxalq Avtovağzalının bilet xəzinədarı Sultanova Nailə bildirib ki, bilet satışında çatışmazlıq yoxdur, lakin sərnişinlərin sayında sıxlıq müşahidə olunur: "Mart ayının 19-dan 21-dək olan biletlər satılıb. Ayın 20-dən sonrakı tarixlər üzrə isə ölkənin bütün bölgələrinə biletlər var".

Bütün xəbərlər Facebook səhifəmizdə