Millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Pakistan parlamentinin komitə sədri, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü xanım Rubina Saadat Qaimxani ilə görüşub.
Millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva bildirib ki, Pakistan Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir. Millət vəkili Qənirə Paşayeva dəfələrlə Pakistanda olduğunu, bu ölkədə keçirilmiş bir çox toplantılarda iştirak etdiyini və qardaş pakistanı və xalqını böyük sevgi duyduğunu deyib.
Millət vəkili xatırladıb ki, o istər jurnalist fəaliyyəti zamanı, istərsə də son 7 illik deputatlıq fəaliyyəti dövründə bu ölkəyə səfər edib, orada görüşlər keçirib, həmçinin jurnalist araşdırmaları ilə məşğul olub: "Mən hələ o zamandan Pakistan xalqının və dövlətinin Azərbaycan xalqını və dövlətini nə qədər çox sevdiyini öz gözlərimlə görmüşəm, hiss etmişəm. Mən Ermənistanla sərhədyanı bölgələri parlamentdə təmsil edən millət vəkillərindən biri kimi Azərbaycan xalqı adından Pakistan dövlətinə və Milli Assambleyasına öz təşəkkürümü bir daha çatdırmaq istəyirəm. Çünki Pakistan Milli Assambleyası Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir".
Qənirə Paşayeva Pakistanın Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmamasını da hər bir azrəbaycanlının yüksək dəyərləndirdiyini deyib: "Biz Pakistan dövlətinin bu addımını da çox yüksək qiymətləndiririk və ona minnətdarlığımızı bildiririk. Çox istərdik ki, bir çox dövlətlər Azərbaycana münasibətdə qardaş və dost Pakistandan örnək, nümunə götürsünlər. Pakistan BMT və digər nüfuzlu beynəlxalq təşkilatlarda hər zaman Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. İnanırıq ki, bu dəstək bundan sonra da davam edəcək".
Millət vəkili iki ölkə arasında münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş
Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolu olduğunu vurğulayıb.
Pakistan parlamentinin komitə sədri, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü xanım Rubina Saadat Qaimxani Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edib və iki dost, qardaş ölkə olan Pakistan ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənməsinin və inkişafından məmnun olduğunu və qardaş Azərbaycanın da hər zaman Pakistana böyük dəstək verdiyini və Pakistan dövləti və xalqının da bunu çox yüksək qiymətləndirdiyini deyib. O xüsusilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi böyük təhsil, mədəniyyət, sosial, humanitar layihələri Pakistan dövlətinin çox yüksək qiymətləndirdiyini vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva Pakistan parlamentinin komitə sədri Rubina Saadat Qaimxaniyə Azərbaycan həqiqətləri, tairixi, mədəniyyəti barədə materiallar da təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB