Cəbhədə xidmət edən əsgərlərə Səbaillilərin Novruz töhfəsi FOTO

Cəbhədə xidmət edən əsgərlərə Səbaillilərin Novruz töhfəsi FOTO

Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Səbail rayonu İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gəliblər. SİA-nın məlumatına görə, qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlib, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram sovqatları çatdırıblar.

Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib. Onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.

Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb. Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim edib, RİH tərəfindən hərbi hissənin təlabatı nəzərə alınaraq müxtəlif tikinti materialları hərbçilərimizə çatdırılıb.

Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb.

Hərbi hissə komandanlığı adından çıxış edən polkovnik-leytenant Şükür Həmidov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yüksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb.

Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunub. Əməkdar artist Ruhəngiz Allahverdiyeva, gənc muğam ifaçısı Orxan Hüseynli və başqalarının gözəl çıxışları əsgərlər tərəfindən xüsusi rəğbət və sürəkli alqışlarla qarşılanıb.

Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar edib, Səbail rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunub.

Cəbhə bölgəsindəki tədbirlə bərabər Səbail rayonunun nümayəndələri rayon ilə dostluq və möhkəm əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki "N" saylı hərbi hissəsinin də qonağı olublar.

Rayon nümayəndələri bu hərbi hissədə də əsgərlərimizin şəraiti və hərbçilərin döyüş hazırlığı ilə tanış olub, burada da böyük bayram konserti təşkil olunub. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Səbail rayon nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə