Ölkəyə 75 kiloqram narkotik vasitənin qanunsuz yolla gətirilməsinin qarşısı alıb

Ölkəyə 75 kiloqram narkotik vasitənin qanunsuz yolla gətirilməsinin qarşısı alıb

Bu il Dövlət Sərhəd Xidmətinin (DSX) həyata keçirdiyi tədbirlər nəticəsində ümumi çəkisi 75 kiloqram təşkil edən narkotik vasitələrin qanunsuz yollarla Azərbaycana gətirilməsinin qarşısı alınıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə DSX-nın İstintaq və Təhqiqat İdarəsinin rəisi, polkovnik Azər İbrahimov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, tutulmuş narkotik vasitənin 49 kiloqramını heroin, 2 kiloqramını həşiş, 20 kiloqramını tiryək, 3 kiloqramını isə marixuana təşkil edib. İdarə rəisi həmçinin əlavə edib Ki, martın 6-da Biləsuvar rayonu ərazisində 10 kiloqram tiryəki qanunsuz olaraq İrandan Azərbaycana keçirmiş Lənkəran şəhər sakini, 1952-ci il təvəllüdlü Hacı Abdullayev saxlanıb. Faktla bağlı cinayət işi başlanıb, onun barəsində həbs qətiimkan tədbiri seçilib.

İdarə rəisi bildirib ki, 2012-ci ildə 251 kiloqram narkotik vasitənin, o cümlədən 26 kiloqram heroinin, 102 kiloqram tiryəkin, 108 kiloqram həşiş qətranının, 7 kiloqram marixuananın, 8 kiloqram psixotrop maddənin qaçaqmal yolu ilə dövlət sərhədindən Azərbaycana keçirilməsinin qarşısı alınıb. Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsi cəhdləri İran ilə dövlət sərhədində qeydə alınıb. 4 halda sərhəd naryadına qarşı silahlı müqavimət göstərilib. Ümumilikdə ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib, 9 İran, 4 Əfqanıstan, 17 Azərbaycan vətəndaşı barəsində cinayət işi başlanıb.

Həmçinin A. İbrahimov qeyd edib ki, 2011-ci ildə DSX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 160 kq narkotik maddə tutulub. 2011-ci ildə sərhəd naryadlarına qarşı narkotik vasitələrin qaçaqmalçıları tərəfindən 3 halda silahlı müqavimət göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə