Bu gün Azərbaycan Müəllimlər İnstitutunda Nərimanov Rayon Gənclər və İdman İdarəsi Azərbaycan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatı ilə birgə "Novruz" Bayramı münasibətilə "Gəldi ömrümüzə bahar günləri" adlı bədii-əyləncəli tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov əziz bayram münasibətilə iştirakçıları təbrik edib. Tədbir iştirakçıları bildirib ki, Novruz milli bayramımız olaraq əsrlərdən bəri yurdumuzun hər nöqtəsində mərasimlərlə qeyd olunur. Təbiətin oyanması Novruzdan başlanır və xalqımız bu gözəl bayramı təntənəli şəkildə qarşılayır. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə diqqət göstərməsi kimi sağlam dəyərlər üzərində qurulub. Ölkəmiz sürətlə inkişaf edir, müasirləşir eyni zamanda, qədim ənənələrimiz də geniş təbliğ edilir, nəsildən-nəslə ötürülür.
Ümummilli lider Heydər Əliyev hər zaman Novruz bayramını xalqla birlikdə qeyd edib. Hazırda Ulu öndərin irsi Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.
Tədbirdə həmçinin AMİ-nin ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən filiallarının fəal tələbə gənclərinin bayram təbriklərindən ibarət videoyazılar nümayiş olunub.
Bayram şənliyində təhsildə və ictimai fəaliyyətində fərqlənən institutun bir qrup tələbəsi Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıb. Eyni zamanda xonça müsabiqəsinin qalibləri və peyntbol üzrə ali təhsil müəssisələrinin tələbələri arasında II respublika yarışında 2-ci yer tutmuş institut komandasının 5 üzvünə hədiyyələr verilib.
Sonra AMİ tələbələrinin hazırladıqları səhnəciklər, konsert proqramı və digər əyləncəli tədbirlər iştirakçılarda xoş ovqat yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB