“Azərbaycan Respublikasının Gənclər və İdman Qanunvericiliyi toplusu”
Prezident İlham Əliyevin fərmanı ilə təsis olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Yaranmasından qısa bir vaxt keçməsinə baxmayaraq, qurum tərəfindən 8 iyun 2012-ci ildə elan olunmuş 1-ci qrant müsabiqəsinə artıq yekun vurulub, 2012-ci ilin sonunda elan edilmiş 2-ci qrant müsabiqəsinə layihə qəbulu yekunlaşdırılıb.
Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəkilində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər təbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazasının gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək Gənclər Fondunun əsas məqsədlərindəndir.
Gənc hüquqşünas Cavid Quliyev də Gənclər Fondu tərəfindən yaradılmış fürsətdən istifadə edərək öz layihəsini təqdim edib və "C" kateqoriyası üzrə (fərdi gənclərin layihələri) "Azərbaycan Respublikasının Gənclər və İdman Qanunvericiliyi toplusu"nun hazırlanması və nəşri adlı layihəsi qalib layihə kimi elan olunub. Toplunun yaradılması gənclər və idman sahələrini əhatə edən qanunvericilik bazasını sistemləşdirmək, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə " Dövlət Proqramının 6.1.1-ci bəndinin icrasının təmin etmək, gənclərin hüquqi biliklərinin artırılması s. kimi mühüm məqsədləri güdür.
Toplunun tərtibçisi hüquqşünas Cavid Quliyevdir. Məsləhətçisi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, redaksiya heyətinin üzvləri Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Etibar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hüquqi təminat şöbəsinin müdiri İlhamə Qədimova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Vüsal Quliyevdir.
"Azərbaycan Respublikasının Gənclər və İdman Qanunvericiliyi toplusu" Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci və 149-cu maddələrinə uyğun olaraq, xronoloji baxımdan sistemləşdirilmiş, 01.01.1994-cü – 01.01.2013-cü il tarixlərini əhatə edir. Topluda Azərbaycan Respublikasının Konstitusiyası və Məcəllələri, Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamları, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Fərman və Sərəncamları, Digər dövlət qurumlarının aktları kimi bölmələr yer alıb, ümumilikdə 848 səhifədən ibarətdir. Vəsait dövlət qurumları, qeyri – hökumət təşkilatları, idman federasiyaları, gənclər, idmançılar, tədqiqatçı – alimlər, müəllimlər, tələbələr və digər maraqlı şəxslər üçün sahəvi qanunvericilik barədə əhatəli məlumatın əldə edilməsi yolunda xüsusi vəsaitdir. Bu baxımdan toplu gənclər və idman sahələrində çalışan və sahəyə marağı olan bütün şəxslər üçün mühüm əhəmiyyət kəsb edir, müxtəlif mənbələrdən qanunvericiliyin axtarışına vaxt sərfini azaltmaqla yanaşı, qanunvericiliyin təkmilləşdirilməsinə təkan verəcək.
"Azərbaycan Respublikasının Gənclər və İdman Qanunvericiliyi toplusu" Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun ayırdığı qrant vəsaiti hesabına hazırlanıb və nəşr edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB