Zahid ORUC, millət vəkili
Rusiyanın casusları

Oleq Qordievskinin adı təhlükəsizlik sistemində çalışanlara və siyasi dairələrə yaxşı tanışdır. Sovetlər Birliyinin ağalıq etdiyi dünyada kabus kimi dolaşan DTK-nın 1-ci idarəsinin rəhbəri olmaqla bərabər ikili agent kimi Britaniya kəşfiyyatına da idmət edib. 11 ildən artıq davam edən belə gizli xəfiyyəçiliyin ingilislər üçün hansı miqyasda fayda verdiyini söyləmək çətin olsa da, Qordievski haqqında Qərb dairələrində xeyli əsatirlər dolaşır. Onu sovet orqanları içərisində yerləşdirilmiş ən böyük fiqurlardan və Ceyms Bondlardan biri hesab edirlər. SSRİ-nin nüvə silahı ilə dünyanı hədələdiyi 1983-cü il böhranının həllində sözügedən şəxsin əhəmiyyətli rolu olub.

Bütün məxfi əməliyyatları açılandan sonra Britaniyaya sığınan bu sovet çekistinin xidmətlərini ingilis hökuməti çox yüksək qiymətləndirərək 2-ci Yelizaveta tərəfindən ona müqəddəs Mixail və müqəddəs Georgi ordeni təqdim olunmuş, şahzadə ailəsinə və Birləşmiş Krallığa sadiq şəxs elan edilmişdi.

Qordievski bu günlərdə "Qardian" qəzetinə müsahibə verərək Rusiya casuslarının soyuq müharibə illərində olduğu qədər Britaniyada hazırda kəşfiyyat fəaliyyəti apardığnı bəyan edib.

Əsas informasiya vasitələrinin tirajlandırdığı bu fikrin arxasında hansı məqsədlərin dayandığını təhlil etmək o qədər də çətin deyil. Belə ki, xeyli soyuq münasibətlərə malik olan Britaniya-Rusiya əlaqələrinin belə durumu ilk növbədə casus qalmaqalı və Litvinenkonun zəhərlənərək öldürülməsindən qaynaqlanıb. Şimal qonşumuzun Qərb əleydarları bunu uzun müddət iri media holdinqlərin informasiya-artilleriya hücumunda istifadə etmişdilər və Rusiyanın imicinə kəskin zərbələr vurulmuşdu. Onsuz da Putinin çekist obrazı ona imkan verməmişdi ki, Qərbdə demokratik sifətdə qəbul olunsun. Xatırlayırsınızsa, onun gözlərində soyuq DTK-çılıq görən Amerika yetkililəri uzun müddət münasibətləri hansı əsaslar üzərində qurmaq barədə düşümüş və daha sonra məlum "yenidənyüklənmə" proqramı meydana çıxmışdı.

Britaniyadakı Rusiya casusları nə edir? Qordievskinin iddiasına görə təkcə Londonda müxtəlif adlar altında özünə əlverişli örtük qazanan 37 DTK-çı kommersiya xarakterli məlumatları, Rusiyadan gedən mühacirlərin və Putin əleyhdarlarının izlənməsini,mühüm iqtisadi və siyasi qərarların yaxından təqib olunmasını nəzərdə tutan təhlükəli bir faəliyyəti həyata keçirirlər. Əksəriyyəti səfirlik tərəfindən koordinasiya edilən belə agent şəbəkəsi dünya üzərində davam edən məxfi informasiyaların mübadiləsi və müharibəsində rəsmi Kremlə mühüm üstünlüklər qazandırır. Çünki belə məlumatlara sahiblik dövləti maraqların həyata keçirliməsində başlıca yer tutur.

"Qazprom"dan iri media holdinqlərə qədər xəfiyyələşən bir ölkənin siyasi-mülki sifətini tapmaq və demokratiya söhbətləri etmək çox ironik səslənir. Putinin casusları hər yerdə və hər zaman mövcuddurlar. Məxfi işin təşkili və idarə olunması böyük və incə sənətdir.

" Dumanlı Albion"dan xəbər daşıyan kuryerlər bu nəhəng imperiya dövlətinin siyasi vitrnində heç zaman görünməsələr də növbəti skandal çox da uzaqda deyil. Yəni,"casusların ifşası" baş verərkən hər kəs düşünsün ki, hamını görən bir qüvvə var!

Bütün xəbərlər Facebook səhifəmizdə