Prezident Monteneqro parlamentinin sədri və baş naziri ilə görüşüb
Bu gün Monteneqroya rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev "Villa Qoritsa" Dövlət İqamətgahında parlamentin sədri Ranko Krivokapiç ilə görüşüb. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bu səfərin Azərbaycan ilə Monteneqro arasında gələcək əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Parlamentlərarası əlaqələrin, həmçinin dostluq qruplarının ikitərəfli münasibətlərin inkişafındakı rolu qeyd edilib.
Həmçinin, görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı üçün yaxşı imkanların olduğu bildirilib.
Azərbaycan Prezidenti İlham Əliyev həmçinin bu ölkənin Baş naziri Milo Dukanoviç ilə görüşüb. Görüşdə Azərbaycan ilə Monteneqro arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin bu səfərinin iqtisadi əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycanın Monteneqroya investisiya yatırması və bu baxımdan Podqoritsada ölkəmiz tərəfindən ilkin mərhələdə həyata keçiriləcək investisiya layihələrinin önəmi diqqətə çatdırılıb.
Monteneqro ilə Azərbaycan arasında turizm, infrastruktur, nəqliyyat, bank sistemi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunun bildirildiyi görüşdə iqtisadi əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB