QHT-lərlə əməkdaşlıq gücləndirilir YENİLƏNİB-FOTOLAR

QHT-lərlə əməkdaşlıq gücləndirilir YENİLƏNİB-FOTOLAR

QHT Əməkdaşlıq Alyansı Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının tərəfdaşlığı ilə "Beynəlxalq təşkilatların yerli QHT-lərlə əməkdaşlığın gücləndirilməsi" mövzusunda forum keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri açılış sözü ilə QHT əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov açıb.

Daha sonra çıxış edən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Azərbaycanla bağlı bir sıra beynəlxalq təşkilatlar, xüsusilə beynəlxalq qeyri-hökumət təşkilatları davamlı olaraq qərəzli və birtərəfli qaydada hesabatlar hazırlayırlar. Bu hesabatlar qərəzli və qeyri-şəfafdır. Bu məqsədlə keçirilən beynəlxalq forumun əhəmiyyəti çox böyükdür. Bu gün QHT-lərin beynəlxalq QHT-lərlə əməkdaşlığı çox aktualdır. Bu əməkdaşlıq beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Belə hesabatların hazırlanmaması üçün çalışacağıq ki, beynəlxalq qeyri-hökumət təşkilatları ilə Azərbaycanda fəaliyyət göstərən QHT-lərin əlaqələrini inkişaf etdirək. Yerli QHT-lər öz potensialının artırılması üçün resurslardan lazımı səviyyədə istifadə etməlidir.

Beynəlxalq təşkilatların yerli QHT-lərlə əməkdaşlığının gücləndirilməsi mövzusunda təşkil edilən forumunda iştirak edən millət vəkili Vahid Əhmədov isə bildirib ki, Azərbaycanda demokratik cəmiyyətin daha da fəallaşması, müəyyən proseslərin normal istiqamətdə davam etməsi üçün qeyri-hökümət təşkilatlarının (QHT), beynəlxalq qurumların fəaliyyətinə ehtiyac var: "Ümumiyyətlə bu kimi tədbirlərin keçirilməsinin Azərbaycan üçün çox mühüm əhəmiyyəti vardır. Burada həm də xarici ölkələrin səfirlikləri iştirak edir. Hesab edirəm ki, bunlarla təmasda olmaq, ölkə həqiqətlərini dünyaya çatdırmaq, eləcə də Azərbaycanda gedən prosesləri beynəlxalq qurumlarda təmsil edən QHT-lərə normal çatdırmaqdan ötrü bu kimi görüşlərin əhəmiyyəti əvəzedilməzdir. Ümumiyyətlə, QHT-lərin hal-hazırda imkanları genişdir. Çünki ölkə başçısı İlham Əliyev tərəfindən yaradılan xüsusi təşkilat bu quruma mütəmadi olaraq maliyyə yardımı göstərir".

Forumda çıxış edən QHT nümayəndələri beynəlxalq təşkilatların insan haqları, fundamental azadlıqlar barədə hər il yaydığı hesabatları müzakirəyə çıxarıb, ölkədə proseslərin obyektiv qiymətləndirilməsi məqsədilə yalnız müxalif mövqeli QHT-lərə deyil, eyni zamanda müxtəlif siyasi görüşləri paylaşan, ən fərqli düşüncədə olan QHT-lərin məlumatlarına da istinad edilməsinin vacibliyi vurğulanıb.

Formun sonunda növbəti addımların müəyyənləşdirilməsi üçün bəyannamə qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə