Millət vəkili: “Qarabağ problemi hər bir türkü narahat etməlidir”

Millət vəkili: “Qarabağ problemi hər bir türkü narahat etməlidir”

Türk Ocaqları Maltepe şöbəsi tərəfindən Dağlıq Qarabağ münaqişəsi və Xocalı Soyqırımı ilə bağlı konfrans keçirilib. Tədbirdə iştirak edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva çıxışı zamanı Ermənistanın 21 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq , – deyib. Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib. Millət vəkili bildirib ki, ədalət tərəfində olanlar Xocalı Soyqırımını tanımalıdırlar. Millət vəkili Qənirə Paşayeva beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini, 1 milyon insanın evinə dönə bilmədiyini qeyd edib.

Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

"Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq", – deyə millət vəkili əlavə edib.

Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Şamaxının millət vəkili Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı "Azərbaycan həqiqətləri" adlı filmlər toplusu, millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran "Hocalı Soykırımı: tanıkların dili ile", millət vəkili Qənirə Paşayeva və Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Şaiq Aslanovun həmmüəllifliyi ilə hazırlanmış və Qaradağlı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran "Qaradağlı Soyqırımı şahidlərin dili ilə" kitabları, "Hocalı Soykırımı" və "Ruhum Qarabağlıdır" filmləri də təqdim olunub.

Tədbirin sonunda konfrans iştirakçılarının sualları cavablandırılıb və ətraflı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə