Zahid ORUC, millət vəkili
Qadınları təbrik edərkən

Yer üzündə insanlıq bərqərar olandan qadın ən sirli qüvvə hesab olunub. Bütün formasiyalarda və cəmiyyətlərdə onların yeri və sehrli qüvvəsi həlledici rol oynayıb. Min kilometrlərlə məsafə qət edib yeni qitələri kəşf edənlər xanımların sehrini və maqik gücünü sonadək dərk edə bilməyiblər.

Xanımlar uğrunda böyük müharibələr də gedib, sayələrində sülh də imzalanıb. Tarix kişilərin hakimiyyət imperiyası sayılsa da onları idarə edənlər qadınlar idi. Qay Yuliy Sezarın, İsgəndərin, Troya hökmdarlarının, yaxud Napoleonun da üzərində mənəvi itidar sahiblərinə çevrilən zərif cinsin nümayəndələri dövlətin və milli həyatın bütün sahələrinə nüfuz edə bilirdilər.

Onlar qısqancdılar. Zadornovun təbirincə desək, bu lap başlanğıcdan belə idi. Bu məhşur rus yomoristi deyir ki, hələ yer üzünə gəlməmiş təkcə Adəm və Həvvanın mövcud olduğu zamanlarda hər gün evə dönən kişinin qabırğaları sayılırdı. Həvva əmin olmaq istəyirdi ki, ondan başqa qadın yaranmayıb.

Xanımların göz yaşları dünyanın ən güclü sularıdır. Gərəkərsə, fırtanaya da çevrilər, sunamiyə də dönər, sabit dəniz də olar.

Bütün insan hisslərinin etalonu onlara görə yaranıb. Kədərin də, sevginin də portreti onlardır. Bunu duyğuların qoruyucu qalereyası da demək olar.

Nəyi hədiyyə etməli xanımlara? Kimi Vətənin bütövlüyünü, kimi Azərbaycan insanının ehtiyac duyduğu torpağı, kimi isə iş, təminat və dünyanın ətirlərini onlara ərmağan edərdilər. Bunların hamısı gərəklidir. Lakin ən başlıcası, qadınların özü ola bildiyi cəmiyyəti yaradıb ayaq üstə qoymaqdır.

Ürəyinin əleyhinə getmədiyi, düşündüyünü dediyi, zorakılığa məruz qalmadığı və azadlıqlarını gerçəkləşdirə bildiyi cəmiyyət!

Dünyanın güclü kəsiminin əbədi vəzifəsi budur. Qadın özüdürsə-başqalaşmağa məhkum deyilsə, insanlıq xilas olacaq, ədalət bərqərar edilcəkdir!

Qadınları təbrik edərkən onların qabırğadan yarandığını zənn edib özünüzü firon hesab etməyin. Bəşəriyyəti yaşadan qüvvənin simvolu yalnız ürəkdir!

Bütün xəbərlər Facebook səhifəmizdə