Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) bu il martın 20-də tamam olacaq 10 illik yubileyini ziyafətlə qeyd etməyə qərar verib. Qurumdan verilən xəbərə görə, bu məqsədlə martın 17-də Bakıdakı otellərdən birində Novruz bayramı və təşkilatın yubileyinə həsr edilmiş ziyafətə yalnız CASCFEN üzvləri dəvət ediləcək. Maraqlı məsələlərdən biri də ziyafətə təşkilatın üzvü olmayan şəxslərin, demək olar ki, dəvət edilməməsidir.
CASCFEN sədri Azər Həsrət bununla bağlı mətbuata verdiyi açıqlamada qeyd edib ki, hazırda sıralarında 88 nəfəri birləşdirən qurumda ölkənin tanınmış qələm adamları, ictimai xadimləri birləşib.
"Biz, əlbəttə anlayırıq ki, çoxlu sayda dostlarımız da bu sevincimizi paylaşmaq istərdilər. Lakin siyahı tutarkən bəlli oldu ki, belə olacağı təqdirdə ən azı əlavə üç yüz nəfəri dəvət etməliyik ki, heç kim diqqətdən kənarda qalmasın. Nəzərə alsaq ki, bu tədbirimizi daxili imkanlar hesabına təşkil edirik, indiki halda böyük sayda insanların qatılımı ilə tədbir keçirməyimiz imkansızdır. Ona görə də yalnız üzvlərimizin qatılacağı bir ziyafət təşkil edirik", – deyə Azər Həsrət bildirib.
Xatırladaq ki, CASCFEN 20 mart 2003-cü ildə Bakı şəhərində təsis edilib. Ötən dövr ərzində qurum xüsusilə də Orta Asiya ölkələri ilə bağlı geniş fəaliyyət göstərib və hətta fəaliyyətinin bir ili tamam olarkən – 2004-cü ildə Beynəlxalq Mətbuat İnstitutunun "Azad media öncülü" mükafatına layiq görülüb. CASCFEN ötən ilin iyun ayında Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycandakı fəaliyyətini ciddi şəkildə genişləndirib və hazırda ölkənin ən yaxşı təşkilatlanan jurnalist qurumlarından birinə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB