Hicran Hüseynova narazıdır

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini deyən, eləcə də ictimai-siyasi sferada mühüm xidmətləri olan qadınlar iştirak ediblər.

Tədbirin rəsmi hissəsində prezident tərəfindən təltif olunan qadınlara mükafatlar təqdim edilib. Bundan əlavə, dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərən tanınmış ziyalılar mükafatlandırılıb. Tədbirdə çıxış edən AQUPDK-nin sədri Hicran Hüseynova bildirib ki, bu gün Azərbaycanda ailələr tez-tez üzləşdikləri məişət zorakılığı, boşanmalar, alimentlərin ödənilməsinin yubadılması və digər məsələlərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edirlər: "Erkən nikah və təhsildən yayınma halları bizi ən çox narahat edən məsələdir".

Onun sözlərinə görə, bu gün ölkədə qadınları öz hüquqları barədə maarifləndirmək məqsədilə maarifləndirmə kampaniyası davam etdirilir: "Komitə tərəfindən regionlarda qadınların və kişilərin bərabər hüquqları, qadınların qərar qəbuletmə və seçkilərdə iştirakı, həmçinin zorakılığa qarşı mübarizə sahəsində maarifləndirmə işləri aparılır. Biz bilirik ki, yerlərdə icra strukturları əksər hallarda problemli ailələrə dəstək olmağa çalışırlar. Lakin unutmaq lazım deyil ki, insanlar özləri də fəallıq göstərməlidirlər".

Hicran Hüseynova eyni zamanda bəzi fikirlərlə razılaşmadığını da deyib: "Bəzən deyirlər ki, Azərbaycanda gender məsələsi bizim Avropaya inteqrasiyamızdan sonra başlayıb. Mən bu fikirlə razılaşa bilmirəm. Çünki Ümummilli Heydər Əliyev respublikamıza birinci dəfə rəhbərlik etdiyi illərdə bu məsələyə xüsusi diqqət yetirirdi".

Qeyd edək ki, bədii hissədə isə məşhur müğənnilərin iştirakı ilə konsert proqramı keçirilib. Tədbirin sonunda xeyriyyəçilik məqsədilə əlil qadınların əl işlərindən ibarət satış sərgisi təşkil olunub.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə