Şəmkir rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə dəstəyi ilə "8 Mart" Beynəlxalq qadınlar bayramı münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, YAP Şəmkir rayon təşkilatının sədri F.Vəliyev, YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının sədri Nəzixə Zeynalova və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar iştirak etdilər.
Tədbiri ilk öncə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov açaraq 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bütün şəmkirli qadınları ürəkdən təbrik edib. Ölkəmizdə qadınların fəaliyyəti üçün geniş imkanların mövcudluğundan danışan icra başçısı, Şəmkirdə də bu sahədə müəyyən işlərin görüldüyünü vurğulayıb. Rayonun ictimai-siyasi həyatında qadınların xüsusi rol oynadığını qeyd edib.
Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri F.Vəliyev Azərbaycan qadının mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz və xalq adət-ənənələri xəzinəmiz məhz dilimizin saflığı keşiyində şərəflə dayanan nənələrin, anaların sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarına qalib gələrək, bu günədək yaşamaqdadır. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi də mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımları atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürüdür. Fərəhləndirici haldır ki, şəmkirli gənc xanım və qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini təmin edirlər.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon Qadınlar Şurasının sədri Nəzixə Zeynalova bildirib ki, bu gün bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur. Ümummilli liderimiz dahi Heydər Əliyev qadınlarımız barədə "…Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm" demişdir. Ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirib, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşıb. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Ana dünyada ən müqəddəs varlıqdır. Ona görə də biz ana vətən, ana torpaq deyirik.
Daha çıxış edənlər müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətlərinin olduğunu qeyd ediblər. Respublikamızın bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları tariximizin hər bir mərhələsində olduğu kimi, bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq Vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər. Bu bayramın xalqımızın həyatında mühüm hadisəyə çevrilməsi Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai mövqeyinin nəticəsi olduğunu vurğulayıblar.
Qeyd edək ki, sonda tədbirdə iştirak edən bir qrup qadına YAP Şəmkir rayon təşkilatı tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB