Şanxay Futbol Federasiyasında görüş keçirilib

Bu günlərdə Milli Məclisin nümayəndə heyəti Çində səfərdə olub. SİA-nın YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər proqramı çərçivəsində Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov və Milli Məclisin deputatı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının I vitse-prezidenti Rauf Əliyev Şanxay Futbol Federasiyasının rəhbərliyi ilə görüş keçirib.

S.Novruzov çıxış edərək ölkəmizdə idmana böyük dövlət qayğısını, müxtəlif idman növlərinin inkişafı məqsədilə görülən işləri, Azərbaycanda keçirilən çoxsaylı mötəbər beynəlxalq turnirləri qeyd edib, Respublika Prezidenti cənab İlham Əliyevin idmana və idmançılara xüsusi həssaslıq və diqqətlə yanaşdığını vurğulayıb.

R.Əliyev futbolun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilən layihələri, futbolun kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclər arasında bu idman növünün təbliğinin gücləndirilməsi, eyni zamanda gənclərə sağlam həyat tərzinin aşılanması məqsədilə görülən işləri qeyd edib, Azərbaycanda digər idman növləri ilə yanaşı futbolun da inkişaf yolunda olduğunu bildirib.

Təklif irəli sürülüb ki, AFFA ilə Şanxay Futbol Federasiyası arasında əməkdaşlıq yaradılsın, yeniyetmə və gənclərdən ibarət Azərbaycan komandalarının Şanxayda təlim-məşq toplanışları və yoldaşlıq görüşləri, eyni zamanda çinli futbolçuların ölkəizdə analoji tədbirləri təşkil olunsun. Təklifi hər iki tərəf müsbət qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə