"Ağla mənim üçün, bu şəhər və sən" FOTO

Millət vəkili Qənirə Paşayeva "Ağla mənim üçün bu şəhər və sən" albomunun satışından əldə olunacaq bütün vəsaiti Şəhid Anaları Cəmiyyətinə bağışladı
"Ağla mənim üçün, bu şəhər və sən" FOTO

Azərbaycanın məşhur bəstəkarı, Xalq Artisti Oqtay Kazıminin musiqilərinə Qənirə Paşayevanın sözləri əsasında 7 mahnıdan və bir duetdən ibarət "Ağla mənim üçün bu şəhər və sən" albomunun təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimat şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla anılmasıyla başlayıb. Muğam Klubda baş tutan tədbirdə millət vəkili Qənirə Paşayeva bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edibş. O, bildirib ki, Qadınlar Bayramı münasibətilə işıq üzü görən "Ağla mənim üçün bu şəhər və sən" albomunun satışından əldə olunacaq bütün vəsaiti Şəhid Anaları Cəmiyyətinə bağışlayıb. Şəhidlərimiz kimi onların analarının da bizim üçün çox qiymətli olduğunu deyən, millət vəkili Qənirə Paşayeva əldə olunan gəlirlə cəmiyyətin saytının yaradılacağını və şəhidlərimizlə bağlı bəzi kitab və video materialların hazırlanacağını deyib: "Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlər kimi şəhid anaları da müqəddəsdir, dəyərlidir. Çünki bu xanımlar Vətənin çətin günündə onu müdafiə edən və uğrunda şəhid olan dəyərli oğullar, qızlar böyüdüb. Onların xatirəsi bizlər üçün əzizdir. Odur ki, qərara aldıq ki, bu albomun satışından əldə edilən gəlir Şəhid Anaları Cəmiyyətinə təqdim edilsin. Hesab edirəm ki, bugünkü tədbirin xeyriyyə aksiyası formasında təşkil edilməsi cəmiyyətimizdə hər birimizi bu cür humanist və aktual mövzulara həssas yanaşması və dəyərli işlər görməyə təşviq edilməsi baxımından vacibdir".

Tədbirin musiqili qonaqları - Azərbaycanın Əməkdar Artisti Gülyanaq Məmmədova, Elza Seyidcahan, gənc və istedadlı sənətçilər Əbdülxalid, Ayaz Qasımov albomun işıq üzü görməsi münasibətilə təbrik edib və alboma daxil olan mahnıları ifa ediblər.

Qeyd edək ki, 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə millət vəkili Qənirə Paşayevanın sözlərinə yazılmış mahnılar əsasında 3 musiqi albomu işıq üzü görüb.

Martın 4-dən etibarən sözləri Qənirə Paşayevaya, musiqiləri rəhmətlik böyük bəstəkarımız O. Kazımiyə məxsus mahnılardan ibarət "Ağla mənim üçün bu şəhər və sən" albomu "Əli və Nino" kitab şəbəkələri mağazalarında artıq satışdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə