Səfir məcburi köçkünlərlə görüşüb

Səfir məcburi köçkünlərlə görüşüb

Bu gün ABŞ-ın Azərbaycandakı Səfiri Riçard Morninqstar Bakıda və şəhər ətrafında məcburi köçkünlərin məskunlaşdığı bir neçə icmaya səfər edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, Morninqstar ilk öncə Binəqədi rayonundakı məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya, sonra isə məcburi köçkünlər üçün inşa edilmiş məktəbə baş çəkib.

Səfir Müşfiqabad qəsəbəsinə səfər edərək yerli sakinlərlə görüşüb, tezliklə məcburi köçknülərin ixtiyarına veriləcək məktəbə baş çəkib və ərazidə həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olub.

Səfər ərzində Səfir Morninqstar 90-cı illərdə bir neçə çadır düşərgəsinə baş çəkdiyini və bunun bütün Azərbaycanlılar üçün necə çətin bir məsələ olduğunu bildirib: "Mən bilirəm ki, Azərbaycan hökuməti məcburi köçkünlərə və qaçqınlara kömək etmək üçün çoxlu işlər görüb. Şadam ki, Birləşmiş Ştatlar və müxtəlif beynəlxalq təşkilatlar da köçkünlərə və qaçqınlara öz köməylərini göstəriblər. Dağlıq Qarabağ münaqişəsini mümkün qədər tez həll etmək və müxtəlif icmalarda müvəqqəti məskunlaşan bu ailələlərə öz evlərinə qayıtmaq imkanı vermək vacibdir".

Qeyd edək ki, Səfiri və onun rəhbərlik etdiyi nümayəndə heyətini səfər ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov müşayiət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə