Millət vəkilləri əsgər ölümünə münasibət bildiriblər

Millət vəkilləri əsgər ölümünə münasibət bildiriblər

Parlamentin bugünkü plenar iclasında millət vəkilləri əsgər ölümləri ilə bağlı məsələni müzakirə ediblər. SİA-nın məlumatına görə, iclasda çıxış edən millət vəkili Qənirə Paşayeva deyib ki, orduda baş verən intihar hadisələri ciddi narahatlıq doğurur və bu məsələlər hərtərəfli araşdırılmalıdır: "Əgər bu intihar hadisəsidirsə intihar, əgər cinayət hadisəsidirsə cinayət faktı kimi qeydiyyata alınmalıdır".

O, həmçinin gənclərin orduya çağırılmazdan əvvəl məktəblərdə hərbi hazırlıq dərslərinin keyfiyyətinin yüksəldilməsini təklif edib: "SSRİ dövründə məktəblərdə hərbi tədris çox yüksək səviyyədə keçirilirdi, gənclər silahla yaxından tanış olurdular və onlar orduya hazırlıqlı vəziyyətdə gedirdilər. Azərbaycanın bugünkü durumunda hərbi tədrisin keyfiyyəti yüksəldilməlidir və gənclərə silahla davranış qaydaları öyrədilməlidir".

Q.Paşayeva onu da əlavə edib ki, gənclər psixoloji cəhətdən də orduya hazır olmalıdırlar.

Deputat İqbal Ağazadə də əsgər ölümlərindən narahatçılığını ifadə edib və güc strukturlarının rəhbərlərinin hökumətin Milli Məclisin hesabatlarında iştirak etmələrini və hesabat vermələrini təklif edib. "Onlar əsgər ölümü ilə bağlı bizim suallarımızı cavablandırmalıdırlar", - Ağazadə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə