Yaponiya hokuməti Lerik səhiyyəsinə növbəti qrant ayırıb FOTOLAR

Lerik Rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı" çərçivəsində "Lerik Rayon Mərkəzi Xəstəxanasının uşaq xəstəlikləri şöbəsinin təmiri" layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabenin, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun, "Yerli İdarəetməyə Yardım" İctimai Birliyinin sədri Vüsal Mirzəyevin, səhiyyə işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə ümumi məbləği 123 min 246 ABŞ dolları olan layihəyə dair müqavilə imzalanıb. Layihənin əsas məqsədi Lerik MRX-nın pediatriya şöbəsinin təmir edilməsi ilə rayon mərkəzində və kəndlərdə yaşayan müalicəyə ehtiyacı olan uşaqlar üçün tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir.

Layihənin həyata keçirilməsindən 22 min uşaq faydalanacaq.

Məlumat verilib ki, hazırkı layihə də daxil olmaqla indiyədək Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Lerik rayonunda 3 layihə üzrə qrant müqaviləsi imzalanıb. Qrant yardımı proqramı çərçivəsində 2003-cü ildə Lerik rayonunda ümumi məbləği 80 min 813 ABŞ dolları təşkil edən orta məktəb binasının inşası, 2012-ci ildə ümumi məbləği 102 min 696 ABŞ dolları təşkil edən Şingədulan kənd tibb məntəqəsinin tikintisi həyata keçirilib.

Mərasimdə çıxış edərək artıq üçüncü dəfədir ki, Lerik rayonuna gəldiyini diqqətə çatdıran Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe bildirib ki, ötən il sentyabrın 15-də Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Lerik rayonunun Şingədulan kəndində tibb məntəqəsinin açılış mərasimindən sonra Lerik Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi ilə pediatriya şöbəsinin əsaslı təmir edilməsi barədə razılığa gəldik.

Lerikin gözəl təbiətindən məmnun olduğunu bildirən səfir Şusuke Vatanabe vaxtaşırı bu gözəl diyara səfər edəcəyini diqqətə çatdırıb.

Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev rayonda səhiyyənin inkişafına göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib.

Mərasimin sonunda yaponiyalı diplomata əllə toxunmuş Lerik xalçası, rayonun sosial-iqtisadi inkişafından bəhs edən "Lerik: tərəqqi və yüksəlişə doğru" və rayon ədiblərinin bədii əsərlərindən ibarət "Ünvanlı duyğular" kitabı hədiyyə edilib.

Həmin gün səfir Şusuke Vatanabe Lerik şəhərindəki uzunömürlülər muzeyi ilə tanış olmuş, səfirin xanımı muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə