Martın 2-də saat 15-30-da Türkan qəsəbəsində baş vermiş silahlı insidetlə bağlı Bakı şəhər prokurorluğu açıqlama yayıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Bakı şəhər prokurorun köməkçisi Günel Əkbərova jurnalistlərə məlumat verib.
O, bildirib ki, silahlı insident qəsəbə sakinləri Cabbar İbrahimov, Xəlfəli Rəhmanov, Mirxalid Rəhimov, Taləddin, Elman və Bəhruz Zeynalovlar arasında baş verən mübahisə nəticəsində olub: " Martın 2-də saat 15:30 radələrində Türkan qəsəbə sakinləri Cabbar İbrahimov tanışları Xəlfəli Rahmanov və Mirxalid Rəhimovla birlikdə Qaratəpə adlanan boş torpaq sahəsində əvvəlcədən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış narazılığa aydınlıq gətirmək məqsədilə Taləddin Zeynalov və onun qardaşları Elman və Bəhruz Zeynalovlarla görüşüblər. Onlar arasında yaranmış mübahisə zəminində Cabbar İbrahimov əvvəlcədən ona məxsus avtomobildə gətirdiyi qoşalülə ov tüfəngindən Taləddin Zeynalov və onun qardaşı Elman Zeynalova bir neçə dəfə atəş açıb. Sonuncular aldığı xəsarətdən hadisə yerində keçiniblər. Bundan sonra Cabbar İbrahimov hadisə yerindən qaçmağa cəhd göstərib və Bəhruz Zeynalovun da arxasınca qaçaraq bir neçə dəfə odlu silahdan atəş açıb. Lakin Bəhruz Zeynalov aldığı xəsarətə baxmayaraq hadisə yerindən qaçdığına görə Cabbar İbrahimov qəsdən öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməyib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.2.7 və 29.120.2.7-ci maddələri ilə cinayət işi başlanmış və daha sonra cinayət işi Cinayət məcəlləsinin 120.2.7 , 29.120.2.7 və 221.2.1 ci maddələrinə görə istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsinə həvalə edilmişdir. Hazırda şəhər prokurorluğunda istintaq tədbirləri davam etdirilir".
Qeyd edək ki, Taləddin Zeynalov əvvələr məhkum olunub. Cinayətin törədilməsində şübhəli bilinən Cabbar İbrahimov tutularaq istintaqa cəlb olunmuş və ona cinayət məcəlləsinin 120.2.7 və 29.120.2.7 maddələri ilə ittiham elan edilib. O, özünü həmin cinayətin törədilməsində təqsirli bilərək cinayət aləti olan ov tüfəngini istintaqa təhvil verib. Bununla yanaşı Cinayət məcəlləsinin 221.2.1 ci maddəsi ilə şübhəli bilinən Xəlifəli Rəhmanov Mirxaliq Rəhimov da tutularaq istintaqa cəlb olunub.
Günel Əkbərova martın 3-ü saat 19:00 radələrində Badamdar qəsəbəsində baş vermiş cinayət hadisəsi barədə də məlumat verib: "Badamdar qəsəbə sakini 1996-cı il təvəllüdlü Nicat Baxışlı ailə münaqişəsi zəminində birgə yaşadığı bacısı 1999-cu il təvəllüdlü Böyükxanım Baxışlını bıçaqla bir neçə dəfə kəsisi, deşici xəsarət yetirməklə qəsdən öldürmüş və fakta görə, Səbail rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanıb. Hazırda rayon prokurorluğunda istintaq tədbirləri davam etdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB