I Mədəni İrs Olimpiadası

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yeni layihəyə başlayıb. Birlikdən SİA-ya verilən məlumata görə, tələbə gənclərin milli mədəni irsimizin öyrənilməsinə marağının artırılması, intellektli gənclərin ictimaiyyətə təqdim olunması məqsədi ilə tələbələr arasında I Mədəni irs olimpiadasına start verib.

Olimpiadada ixtisasından asılı olmayaraq Azərbaycan Respublikasının ali və orta ixtisas müəssisələrində təhsil alan tələbələr iştirak edə bilər.
Bu barədə təhsil ocaqlarında yayılan elanda göstərilib ki, olimpiada ilkin seçim, yarımfinal və final mərhələlərindən ibarət olacaq. Yarımfinal və final mərhələləri test üsulu ilə keçiriləcək.

Suallar tanınmış alimlər, tarixçilər, mədəni irs mütəxəssisləri tərəfindən tərtib olunub.
Olimpiada vasitəsilə gənclər milli mədəni irsimizlə bağlı biliklərini sınaqdan keçirmək və bu sahədə yeni biliklər əldə etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, qaliblər sertifikatlarla və dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
İştirak etmək istəyənlər özləri haqqında məlumatı 2013-cü il mart ayının 31-ə kimi MİRAS İB-ə ([email protected]) göndərə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə