ATƏT-in maraqları

Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşüb. Qurumdan SİA-ya verilən məlumata görə, qonağı səmimi salamlayan nazir dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, müasir məhkəmə binalarının inşası, hakimlərin sayının artırılması, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və tədrisi barədə məlumat verib. O, Ədliyyə və penitensiar sistemin inkişafından, məhkumlara göstərilən tibbi xidmətin yaxşılaşdırılmasından, səmərəli ictimai nəzarətin tətbiqindən danışıb, ATƏT-lə səmərəli qarşılıqlı fəaliyyəti qeyd edib.

ATƏT-in ölkəmizlə sıx əməkdaşlıq etdiyini bildirən səfir qısa zamanda məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatları, o cümlədən dövlətimizin bu sahəyə maliyyə ayırmalarının yüksək olmasını, infrastrukturun müasirləşdirilməsini, ən son İKT-lərin tətbiqini, habelə məhkumların hüquqlarının genişləndirilməsini və Avropa standartlarına uyğun müasir penitensiar müəssisələrin yaradılmasını təqdir edib.
Söhbət zamanı Azərbaycanın müstəqillik illərində dinamik inkişaf yolu keçdiyi və davamlı iqtisadi dirçəlişi vurğulanaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusi qeyd olunub.

K.Tarqay Azərbaycanın ədliyyə və məhkəmə sahəsindəki nailiyyətlərinin beynəlxalq aləmdə geniş təbliğ olunmasının əhəmiyyətini bildirib. O, eyni zamanda Ədliyyə Nazirliyi ilə səmərəli və işgüzar münasibətlərdən məmnunluğunu ifadə edərək, qarşılıqlı fəaliyyətə dair konkret təkliflər irəli sürüb.

Qeyd edək ki, görüşdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakimlərin və ədliyyə işçilərinin tədrisi, inzibati ədliyyənin inkişafı və digər sahələrdə əməkdaşlığın prioritetlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə