YAP Göygöl rayon təşkilatının yaradılmasının 20-ci ildönümü

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının yaradılmasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, YAP Siyasi Şuranın üzvü "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, ərazi ilk partiya təşkilatının sədrləri və partiya fəalları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Rayon təşkilatının sədri Turani Əliyev çıxış edərək öncə partiyanın yaranma tarixi ilə bağlı geniş nitq söyləyib. YAP-ın yaradılmasının o dövrün tələbi olduğunu deyən T.Əliyev Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi qüvvələrin formalaşmasının zərurətə çevrildiyini vurğulayaraq qeyd edib ki, həmin dövrdə hakimiyyətdə olanların səriştəsizliyi nəticəsində Azərbaycan uçuruma sürüklənirdi. Ölkədə iqtisadi-siyasi böhran dərinləşir, ayrı-ayrı separatçı silahlı birləşmələr yaradılaraq qanunsuz fəaliyyət göstərir, dövlətə və xalqa qarşı edilən xəyanətlər nəticəsində Azərbaycan nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. Qarabağ müharibəsinin yaratdığı psixoloji çaşqınlıq, siyasi arenada olan hərc-mərclik, rəhbərsizlik və vətəndaş müharibəsi təhlükəsi xalqı yeni lider, yeni partiya axtarmağa sövq edirdi.

Təşkilat sədri qeyd edib ki, məhz belə bir vaxtda xalqımızın uzaqgörən ziyalıları son ümid yeri və pənahı kimi, Ümummilli Lider Heydər Əliyevə üz tutdu. Bəşəri kamilləşmənin ən yüksək zirvəsində duran, ensiklopedik biliyə, yüksək intellektual və mənəvi potensiala, dərin yaddaşa, möhkəm iradəyə malik, dahi şəxsiyyət olan Ulu Öndər Heydər Əliyev Respublikanın ictimai-siyasi və sosial-iqtisadi cəhətdən son dərəcə ağır vəziyyətdə olduğunu nəzərə alaraq, ziyalıların real və zəruri təklifini qəbul etdi, Yeni Azərbaycan Partiyasının sədri olmağa razılıq verdi. Yeni Azərbaycan Partiyası möhtəşəm bir güc mərkəzi kimi Azərbaycanın siyasi həyatına daxil oldu və Heydər Əliyevin ideyaları ətrafında birləşən qüvvələrin fəaliyyəti daha da mütəşəkkil xarakter aldı.

O, bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatına məhz Heydər Əliyev partiyası kimi daxil olması cəmiyyətimizdə bu partiyanın yerini müəyyənləşdirən ən başlıca amil idi. Qısa bir müddətdə Azərbaycanın əksər bölgələrində partiyanın yerli təşkilatları yaradıldı.
Məhz Göygöl rayonunun qeyrətli, vətənpərvər insanları da Heydər Əliyev ideyaları ətrafında sıx birləşərək, 2 mart 1993-cü ildə YAP rayon təkilatının birinci konfransına toplaşdılar və YAP Göygöl rayon təşkilatını təsis etdilər: "Həmin vaxt rayon təşkilatını 130 nəfər partiya üzvü təmsil edirdi. Qısa bir müddətdə rayon təşkilatı böyüdü, təşkilatlandı və inkişaf etdi. Keçən 20 il ərzində təşkilat daha da möhkəmlənərək mübariz bir qüvvəyə çevrildi. Bu gün YAP Göygöl rayon təşkilatı 122 ilk partiya təşkilatını və 4331 nəfər partiya üzvünü özündə birləşdirir. Partiya üzvləri ölkəmizdə gedən ictimai-siyasi proseslərdə həmişə fəal iştirak edərək, partiyamızın onlara göstərdikləri diqqət və qayğıya əməli işlərilə cavab verirlər".

Təşkilat sədri həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1993-ci ildən başlanan ölkənin mərhələli inkişaf konsepsiyası uğurla həyata keçirilib və bu gün də cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir: "Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması YAP-ın keçdiyi tarixi yolun əsas nəticəsi kimi qeyd edilməlidir. Çünki əldə olunan bütün uğurlarda, Yeni Azərbaycan Partiyasının xüsusi rolu olub. Danılmaz faktdır ki, bu gün ölkəmizdə 600 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək ikinci bir siyasi partiya yoxdur və bu partiya Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında layiqli yer tutaraq ölkəni yeni qələbələrə doğru inamla aparır".

Görülən işlərin nəticələri onu göstərir ki, getdikcə uğurlarımız daha böyük olacaq. Qarşıda bizi daha ciddi sınaqlar, fəth olunmalı daha yüksək zirvələr gözləyir. Bu gün bizlərin, hər bir partiya üzvünün üzərinə çox böyük vəzifələr düşür.
Məruzəçi bu şərəfli yolda yığıncaq iştirakçılarına uğurlar arzu edərək Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının yaranmasının 20-ci ildönümü münasibəti ilə bir daha səmimi qəlbdən təbrik edib.

Tədbirdə həmçinin çıxış edən YAP Siyasi Şurasının üzvü "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Respublikamızın siyasi cəhətdən inkişaf edərək regionun iqtisadi güc mərkəzinə çevrilməsindən, beynəlxalq münasibətlərdə mövqeyini daha da möhkəmləndirməsindən, dünya siyasi arenasında özünəməxsus yer tutmasından söz açıb.

Daha sonra çıxış edən, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov partiya fəallarını salamlayaraq, rayon partiya təşkilatının yaradılmasının 20 illik yubileyi münasibətilə onları səmimi qəlbdən təbrik edib. Tədbirin sonunda İcra Hakimiyyətinin başçısı Arif Seyidov öz dəyərli fikir və tövsiyyələrini yığıncaq iştirakçıları ilə bölüşərək, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Respublika Prezidenti Cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində, Respublikamızın bu günki sürətli inkişafından və gələcəkdə yeni-yeni uğurlara imza atılacağından danışıb. O, ölkəmizin hərtərəfli inkişafında YAP-ın xüsusi rolunun olduğunu da qeyd edib.
Sonda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının bir sıra veteranlarına və fəal üzvlərinə qimyətli hədiyyələr eləcədə partiya üzvlüyünə yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...