Xocalı aeroportunda Rusiya desantı və ABŞ parası

Xocalı aeroportunda Rusiya desantı və ABŞ parası

Ermənstan prezidenti Serj Sarkisyan Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Xocalı aeroportu ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcək. SİA-nın verdiyi məlumata görə, bu barədə erməni xəbər agentlikləri məlumat yayıblar.

Erməni mətbuatı ABŞ prezidenti Barak Obamanın Sarkisyanı təbrik etməsini və Sarkisyanın Moskvaya səfərini Ermənistan rəhbərliyinin təşəbbüsü kimi yox, əksinə, hər iki ölkə başçısının ermənilərə olan simpatiyasının məntiqi nəticəsi kimi yozmağa çalışıblar. Xəbərdə deyilir ki, Barak Obama ermənilərə qardaşlıq jesti edərək ABŞ investorlarının Ermənistana geniş maliyyə yatırımı qoymaq arzusunda olduğunu bildırib. "Bu investisiyalar da təbii ki, Dağlıq Qarabağa da olacaq. Rusiya isə Amerikanın bu jestinə qarşılıq olaraq daha önəmli məsələlər təklif etməlidir. Məsələn, Ermənistana satdığı təbii qazın qiymətini endirə bilər. Bundan sonra isə general Şamanov desantçılarını Xocalı aeroportuna göndərə bilər. Həm Rusiyanı, həm də ABŞ-ı itirməmək üçün Xocalı aeroportunu onların birgə istifadəsinə vermək də olar", - deyə xəbərdə bildirilir.

Ermənilər ehtimal edirlər ki, Obama Sarkisyanı təbrik etməklə Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ almaq istəyir: "Əgər bunu istəyirsə, aeroportun işə salınmasına dəstək olmalıdır. Rusiya bu təşəbbüsə əngəl olmaq üçün aeroporta desant çıxaracaq. Görünür, 12 mart görüşündə Sarkisyan bütün bu suallara cavab tapmalı olacaq. Aeroportun açılışı mülki təyyarələrin uçuşu üçün bir o qədər də əhəmiyyətli deyil. Hava limanı ABŞ və Rusiya üçün strateji əhəmiyyətə malik məsələdir. ABŞ üçün bu aeroport NATO qoşunlarının ilk dayanacaq yeri, Rusiya üçün isə bu faktdan istifadə edib ordularını münaqişə bölgəsinə yeritmək fürsətidir. Aeroportun işə salınması isə status-kvo-nun kəskin dəyişməsi deməkdir. Belə olan təqdirdə Türkiyənin və Azərbaycanın hədələri hədər gedəcək. Artıq həm Rusiya, həm də ABŞ müharibənin yenidən başlamasına əngəl olacaqlar".

Erməni politoloqlar düşünürlər ki, üçüncü mərhələdə Ermənistanla Türkiyə arasında sərhədlər də açılacaq.

Təbii ki, bütün bunlar ermənilərin arzuları və ilkin proqnozlarıdır. Onların düşüncəsinə görə, iki superdövləti Dağlıq Qarabağda qarşı-qarşıya gətirməklə münaqişəni onların xeyirinə həll etmək mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə