Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Xaçmaz rayonunda birdəfəlik ünvanlı sosial yardım – "Özünədəstək" pilot proqramının icra vəziyyəti ilə tanış olmaq üçün bu rayonda olub.
İlk öncə Ulu Öndər Heydər Əliyevin Xaçmaz rayonunda ucaldılmış abidəsi ziyarət olunub, abidənin önünə gül-çiçək dəstələri qoyulub. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Xaçmaz Rayon İcra Hakimiyyətində "Özünədəstək" proqramına cəlb olunmuş ailələrlə keçirilən görüşdə nazir Fizuli Ələkbərov ölkəmizdə yoxsulluğun tam aradan qaldırılmasının prezident İlham Əliyevin uğurlu siyasətinin əsas hədəflərindən biri olduğunu vurğulayaraq, həyata keçirilən mühüm dövlət proqramlarının müsbət nəticəsi kimi yoxsulluq səviyyəsinin son 9 ildə kəskin şəkildə azalaraq 6 faizə düşdüyünü, icra olunan sosial reabilitasiya proqramlarının da nəticə etibarilə yoxsulluğun aradan qaldırılmasına xidmət edən bir tədbir olduğunu vurğulayıb.
Rayonda aparılmış monitorinqin nəticələrinə əsasən, proqramın icrasının ilk rübündə həmin ailələrin 26-nın gəlirlərində əvvəlki dövrdə aldıqları ünvanlı sosial yardımla müqayisədə artım müşahidə edilib və reabilitasiya prosesi artıq 86% yerinə yetirilib. Xaçmaz rayonunda olarkən nazir Fizuli Ələkbərov həmçinin rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan 4 mərtəbəli 36 mənzilli yaşayış binasının tikinti işləri ilə yaxından tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün bildirək ki, 2011-ci ilin aprel ayından etibarən Tovuz, Masallı, İsmayıllı, Xaçmaz, Daşkəsən, Ağstafa, Qazax, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Bakının Nizami rayonlarında və Sumqayıt şəhərində Birdəfəlik sosial yardım – "Özünədəstək" pilot proqramının sınaqdan keçirilməsinə başlanılıb. İxtisaslaşmış QHT və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə həmin rayonlar üzrə ümumlikdə 271 ailə seçilərək bu proqrama cəlb edilib.
Ailələrlə rayon (şəhər) ƏSMM arasında imzalanan qarşılıqlı Sosial müqaviləyə əsasən reabilitasiya dövründə hər rübdə bir dəfə olmaqla seçilmiş aztəminatlı ailədə monitorinqin aparılması nəzərdə tutulub. Bu qayda üzrə aparılmış monitorinqlər zamanı sosial reabilitasiyada iştirak edən ailələrin 96 faizinin (261 ailə) "Ailənin fəaliyyət planı"nda və ailəni təmsil edən şəxslə bağlanmış "Sosial müqavilə"də əks olunmuş şərt və öhdəlikləri tam yerinə yetirdiyi aydın olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB