Milli QHT Forumunun layihəsi təqdim edildi

Milli QHT Forumunun layihəsi təqdim edildi

Azərbaycan Milli QHT Forumu "Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası" layihəsi çərçivəsində Yasamal Rayon İcra Hakimiyyətində seminarını həyata keçirdi. Qurumdan SİA-ya verilən məlumata görə, tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin Məmmədov iştirakçılara tədbirin mahiyyəti haqqında məlumat verib.

Milli QHT Forumunun İdarə Heyətinin sədri Aydın Kərimov layihə haqqında qonaqları ətraflı məlumatlandırdı. Qeyd edib ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, həmçinin onların hüquqlarını təmin etmək və eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir. Layihədən əsasən əlilliyi olan uşaqlar və onların ailələri, sağlamlıq imkanları məhdud olan insanlar, o cümlədən müvafiq dövlət, icra və bələdiyyə qurumları, hüquq mühafizə orqanları, vətəndaş cəmiyyəti və media, eləcə də bütövlükdə ictimaiyyət faydalanacaq. Layihə çərçivəsində həyata keçiriləcək seminarlar və maarifləndirmə tədbirləri nəticəsində nəzərdə tutulmuş əlilliyi olan insanların sosial, hüquqi, psixoloji, mənəvi və fiziki hüquqlarının qismən təmin olunaraq yerlərdə, dövlət idarələrində, mənzil-kommunal xidməti müəssisələrində, bələdiyyələrdə, icra hakimiyyəti idarələrində və digər qurumlarda əlilliyi olan insanların mənafelərinin və hüquqlarının qorunması hallarına daha həssas yanaşılacaq.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərlə bağlı dövlət siyasəti sektorunun müdiri İsgəndər Mustafayev bu sahədə dövlət siyasətinin istiqamətləri və prioritetləri haqqında qısa məlumat verib və vətəndaş cəmiyyəti institutları, QHT-lərin fəaliyyətini dəstəklədiklərini nəzərə çatdırıb. Tədbirdə MQF İdarə Heyətinin üzvü Davud Rəhimov, layihənin hüquqşünası Zaur Seyidzadə çıxış edərək bu sahədə öz fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə