Avropanın təhsil imkanları Bakıda müzakirə ediləcək

Avropanın təhsil imkanları Bakıda müzakirə ediləcək

Azərbaycan Tələbələr Birliyi 12-20 may 2013-cü il tarixlərində Bakı şəhərində Avropa Komissiyasının "Gənclər Fəaliyyətdə" (Youth in Action) proqramının maliyyə dəstəyi ilə "Bərabər Təhsil İmkanları - Müxtəlif Bacarıqlar" adlı beynəlxalq tədbir təşkil edəcək. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd yaşından, cinsindən, maliyyə və fiziki vəziyyətindən asılı olmayaraq cəmiyyətin bütün təbəqələrinə bərabər səviyyədə təhsil imkanlarının yaradılması yolları ilə bağlı müzakirələr aparmaq və son nəticədə hər bir insanın başlıca hüququ olan təhsildən istifadə imkanları barədə təkliflər hazırlamaqdır. Müzakirələrin hərtərəfli aparılması, bu sahədə təcrübə və informasiya mübadiləsinə nail olmaq məqsədi ilə tədbirə Gürcüstan, Ukrayna, Rumıniya, Moldova, Xorvatiya, Polşa və İtaliya kimi ölkələrdən iştirakçılar dəvət olunacaq. Təlim kursu beynəlxalq təlimçilər tərəfindən aparılacaq.
Tədbir gənclərin inkişafı və insan hüquqları sahəsində Azərbaycan dövlətinin atdığı müsbət addımların iştirakçı ölkələrə çatdırılması baxımından da müstəsna əhəmiyyətə malikdir.
Azərbaycan Tələbələr Birliyi inanır ki, bu kimi tədbirlər Azərbaycanın Avropaya inteqrasiyanın düzgün şəkildə qurulmasına yardımçı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə