Prezident: "Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra da davam edəcək"

Azərbaycan və Gürcüstan prezidentləri mətbuata açıqlama ilə çıxış edib
Prezident: "Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra da davam edəcək"

Xəbər verildiyi kimi, Gürsüstan prezidenti Mixail Saakaşvili Azərbaycanda səfərdədir. Mixail Saakaşvili və xanımı Sandra Rulofsun Bakıya səfəri Gürcüstanda elə ilk dəqiqədən diqqəti özünə cəlb edib. Prezident və xanımı hava limanına elektromobildə mühafizə xidmətinin əməkdaşları olmadan gəlib. Saakaşvilinin bu addımı onu irafçılıqda ittiham edən baş nazir Bidzina İvanişviliyə cavab kimi qiymətləndirilir. Mixail Saakaşvilinin Bakıya səfəri zamanı da İvanişvili və onun səsləndirdiyi bəyanatların diqqət mərkəzində olacağı gözlənilirdi.

Prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlərdən sonra iki ölkə başçıları mətbuata açıqlama ilə çıxış ediblər. Mixail Saakaşvilinin bəyanatında diqqəti cəlb edən məqam onun Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə bağlı səsləndirdiyi fikirlər olub.

Xatırladaq ki, Bakı-Tiflis-Qars layihəsinin effektivliyi ilə bağlı şübhələri Gürcüstanın baş naziri Bidzina İvanişvili səsləndirmişdi. Sonradan o bu bəyanatını geri götürsə də, ictimaiyyətdə İvanişvilinin bu layihə ilə bağlı neqativ fikirdə olması təəssüratı yaranmışdı. Prezident İlham Əliyev isə Azərbaycanla Gürcüstan arasında münasibətlərin bundan sonra da davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, Mixail Saakaşvili bu gün parlamentin spikeri Oqtay Əsədovla da görüşüb. O bu görüşdə də üçüncü qüvvələrə Azərbaycan və Gürcüstan arasındakı münasibətlərə zərbə vurmağa imkan verilməyəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə