Xocalı qətliamının qurbanlarını yad etmək üçün bu il Polşanın Wroclaw şəhərində yaşayan azərbaycanlı gənclər bir sıra tədbirlər təşkil ediblər. SİA-nın məlumatına görə, bu barədə həmin şəhərdə yaşayan tələbə soydaşımız Mübariz Rəhimli məlumat verib.
Onun sözlərinə görə, ilk öncə faciə haqda şəhər sakinlərini və burada olan turistləri məlumatlandırmaq məqsədi ilə fevralın 24-də şəhərin mərkəzi küçələrində, o cümlədən mərkəzi meydan olan Rınekdə Xocalı soyqırımından bəhs edən müxtəlif şüarlar yazılmış plakatlar və Azərbaycan bayraqları ilə yürüş keçirilib. Aksiya zamanı həmçinin faciə haqda qısa məlumatın yer aldığı bukletlər şəhər sakinlərinə və turistlərə paylanmış, onlara bu günün Azərbaycan üçün önəmi və Qarabağın işğalı barədə məlumat verilib. Wroclawda təhsil alan bir neçə türkiyəli tələbə də aksiyada yaxından iştirak edib.
M.Rəhimli bildirib ki, fevralın 26-da Wroclawın Musiqi və Ədəbiyyat Klubunda Monqolustanlı rəssam Odpurev Qanxvyaqın sərgisinin açılışı olub. Sərgidə rəssamın Xocalı faciəsinə həsr etdiyi "Xarı Bülbül" kompozisiyası da nümayiş etdirilib. Sərginin açılışında iştirak edən Mübariz Rəhimli, Cavid Zeynalov və Ruslan Ələkbərov rəssamın Azərbaycan xalqı üçün xüsusi önəm daşıyan 26 fevralda açılışı baş tutmuş sərgisində Xocalı faciəsinin qurbanlarını öz əsəri ilə andığı üçün alqışlayıblar. Öz növbəsində monqol rəssam "Xarı Bülbül" əsərini Cavid Zeynalovun təklifi ilə çəkdiyini və Xocalı faciəsi haqda oxuduqlarının ona təsir etdiyini bildirib.
Qeyd edək ki, sərgi iki həftə boyunca şəhər sakinləri üçün açıq olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB