“Cəzasız cinayətlər və dəstəksiz hüquqlar”

“Cəzasız cinayətlər və dəstəksiz hüquqlar”

26 fevral tarixində Misirin geniş oxucu auditoriyasına malik "Əş-Şuruq" qəzetində "Cəzasız cinayətlər və dəstəksiz hüquqlar" başlığı ilə məqalə dərc edilib. Məqalənin müəllifi Əhməd Tarabik işğalçı sionist qüvvələrin beynəlxalq cəmiyyətin "gözləri önündə" Fələstin xalqına qarşı hər gün törətdiyi cinayətlərin nə qədər olduğunu sual edərək, Fələstin əraziləri ilə yanaşı, islam dünyasının digər yerlərində baş verən cinayətlərin "insan hüquqlarının himayədarları"nın susqunluğuna və etinasızlığına tuş gəldiyini oxucuların diqqətinə çatdırıb.
26 fevral 1992-ci ildə ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımın da həmin himayədarlar tərəfindən susqunluqla qarşılandığını xüsusilə qeyd edən Ə.Tarabik bu cür münasibətin "böyük qüvvələrin alnında ar damğası" olduğunu qabardaraq, faciə və ağrıları da insan hafizəsindən heç zaman silinmədiyini vurğulayıb.

Məqalənin müəllifi Xocalı şəhərinin strateji əhəmiyyətini, habelə soyqırıma gedən hazırlığı və soyqırımın nəticələrini təfsilatı ilə təsvir edərək, onun Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü çərçivəsində baş verdiyini xatırladıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində danışıb, münaqişədən öncə, SSRİ dönəmində Ermənistandan 250 minlik Azərbaycan əhalisinin öz doğma ata-baba yurdlarından didərgin salındığını, münaqişə nəticəsində isə 750.000 azərbaycanlının qaçqına çevrildiyini oxucuların yadına salıb.

O, əsassız olan "erməni soyqırımı"nın dünya miqyasında tanıdılmasına gecə-gündüz çalışan və bu "soyqırım" haqqında danışan Ermənistanın tutarlı dəlil və sübutlarla sənədləşdirilmiş və azərbaycanlılara qarşı etnik təmizləməni əks etdirən Xocalı soyqırımını etiraf etmək niyyətində olmadığını bildirərək, beynəlxalq ictimaiyyətin bunu yalnız "seyr etdiyini" təəssüflə qeyd edib.

"Əgər dünya ictimaiyyəti Qarabağ, Fələstin, Livan, Myanmar və digər müsəlman torpaqlarında törədilmiş və ya törədilməkdə olan soyqırımlar məsələsində susursa, o zaman islam ölkələrinin soyqırım cinayətkarlarının beynəlxalq tribunala verilməsi, habelə işğal edilmiş Fələstin, Azərbaycan, Suriya və digər ölkələrin torpaqlarının azad edilməsi istiqamətində səylərini səfərbər etmək vaxtı artıq yetişib" fikirləri ilə Ə.Tarabik məqaləsini başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə