Millət vəkili Qənirə Paşayeva Ankaranın Qazi Universitetində çıxışı zamanı TÜRKSOY-un 2015-ci ildə mədəniyyət paytaxtının Ermənistanın işğalı altında olan Şuşa və ya Xocalı şəhərinin elan olunmasını təklif edib
Ankaranın Qazi Universitetində Xocalı Soyqırımı ilə bağlı təşkil edilən konfransda çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edildiyini bildirib və Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyib. SİA-nın verdiyi məlumata görə, millət vəkili Qənirə Paşayeva ermənilərin 21 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq , - deyib.
Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib.
"Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir. Ermənistan Azərbaycanın 20% torpağını işğal altında saxlayır. Bu gün 1 milyon Azərbaycan Türkü evinə dönə bilmir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur", - deyə Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.
Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.
"Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq", – deyə millət vəkili əlavə edib.
Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.
2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi münasibətilə erməni lobbisinin daha böyük səylər göstərəcəyini deyən millət vəkili Qənirə Paşayeva 2015-ci ildə TÜRKSOY-un mədəniyyət paytaxtı olaraq Ermənistanın işğalı altında olan və qədim mədəniyyət beşiklərimizdən olan Xocalı və ya Şuşa şəhərinin elan olunmasını təklif edib.
Tədbirin sonunda millət vəkili konfrans iştirakçılarının suallarını cavablandırıb və ərtaflı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB