Kreditlərin qaytarılmasında ciddi problemlər yaşanır

Kreditlərin qaytarılmasında ciddi problemlər yaşanır

Ölkənin qərb bölgəsində aqrar sahənin inkişafı üçün ayrılan vəsaitlərin qaytarılmasında problemlər var

Ölkənin qərb bölgəsində aqrar sahədə alınan kreditlərin qaytarılmasında ciddi problemlər yaşanır. Bəzi şəxslər dövlətin yaratdığı imkanlarlan sui- istifadə edərək alınan pulların vaxtında ödənişini təmin etmir ki, nəticə etibarı ilə banklar da bundan əziyyət çəkir. Qərb bölgəsini əsas aqrar kreditlə təmin edən Aqrarkredit Səhmdar Kredit Təşkilatının Gəncə filialının rəhbəri Afina Babayevanın sözlərinə görə, hazırda Gəncə şəhəri və ətraf rayonlar da daxil olmaqla aqrar sahənin inkişaf etdirilməsi üçün vəsait alan müəyyən şəxslərin ümumilikdə 300-min manatdan artıq vaxtı keçmiş borcu qalıb. Afina Babayeva SİA-nın bölgə müxbirinə bildirib ki, problemin aradan qaldırılması istiqamətində lazımi islahatların aparılması vacibdir. Ən başlıcası isə əhalinin müəyyən təbəqəsində iqtisadi mədəniyyət formalaşmalıdır. Müştərilərin aldıqları kreditləri vaxtında qaytara bilməmələri əsas böyük vergi ödəyiciləri olan bankları ciddi çətinliklərlə üz-üzə qoyur. Bu isə əlavə müştərilərə lazım olan məbləğin verilməsində problem yaradır. Ümumilikdə bu cür halların aradan qaldırılması istiqamətində əlavə tədbirlərin icrasına artıq başlanıb. İlk addım kimi Mərkəzi Kredit Reyestri yaradılıb. Ölkə üzrə də vəziyyət bir o qədər yaxşı hesab edilmir. Rəsmii statistikaya görə respublika üzrə dövlət tərəfindən aqrar sahədə çalışanlara 9 mlrd manat vəsait verilib ki, bu rəqəmin 760 mln manatı vaxtı keçmiş borc siyahısına aiddir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə