Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitə hesabat açıqlayıb

Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitə hesabat açıqlayıb

Bu gün Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin bir illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq komitəni formalaşdıran Seçki Komissiyası ilə hesabat görüşü keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin insan haqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Faiq Qurbanov deyib ki, İctimai Komitə yarandığı gündən indiyə kimi penitensiar müəssisələrə 300-dən çox başçəkmə həyata keçirilib: "Bu illər əarzində 400-dən artıq məhkuma hüquqi yardım göstərilib. Onların saxlanma şəraiti, məhkumlara yüksək ixtisaslı tibbi xidmətin göstərilməsi prosesi müşahidə olunub. İslah işində yaxından iştirak edilib. Komitənin monitorinqlərin nəticələri üzrə Ədliyyə Nazirliyinə təqdim etdiyi hesabatlar və tövsiyələr təhlil olunaraq zəruri tədbirlər görülüb. İctimaiyyətə müntəzəm açıqlamalar verilib. Bu ictimai nəzarətin müsbət mexanizmidir. Eyni zamanda bu vətəndaş cəmiyyəti ilə dialoqun inkişafına çox yaxşı töhfədir".

İctimai komitənin üzvü Nazir Quliyev isə İctimai Komitənin bir il ərzində gördüyü işlər barədə məlumat verib. O bildirib ki, İctimai Komitənin vəzifəsi yalnız monitorinq keçirilməsindən ibarət deyil. Komitə monitorinqlərlə yanaşı məhkumlara hüquqi, tibbi yardımın göstərilməsi, təhsil almaları ilə bağlı problemlərin həll olunması, onların tanınmış şəxslərlə görüşlərinin keçirilməsi, ailə üzvləri ilə görüşlərin keçirilməsinin təmin olunması və digər işlər də buraya daxildir. Bu il ərzində penitensiar müəssisələrə 20 başçəkmə, 326 fərdi görüş keçirilib. 100-ə yaxın məhkumlara bir çox sahələrdə yardımlar göstərilib. Seminarlar təşkil olunub, insan hüquqları ilə bağlı çap olunan məlumat kitabçaları məhkumlar arasında paylanılıb".

Daha sonra tədbirdə qarşılıqlı maraq doğuran suallara aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə