Qusar rayonunda da Xocali faciəsinin 21-ci ildönümü qeyd olunub. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və ziyalılar istirak ediblər.
Əvvəlcə Xocalı faciəsini özündə əks etdirən sərgi ilə tanışlıq olub. Vurğulanıb ki, rəsm əsərlərindən də göründüyü kimi XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov vurğulayıb ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirir.
Faciənin 21-ci ildönümündə Azərbaycan xalqı ermənilərin Xocalıda törətdikləri vəhşilikləri ürək yanğısı ilə xatırlayır, eyni zamanda Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. 21 il əvvəl erməni millətçiləri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilmiş faciədən danışan natiq, bu qırğın faktını əsl soyqırımı kimi qiymətləndirdi. Sonra faciədən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunub. Səslənən şerlərdə, səhnəciklərdə bir daha bildirilib ki, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.
Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. Sonra tədbirdə faciənin nəticələri haqqında statistika səsləndirildi. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər.
Emin Kərimov, Qusar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB