Səməd Seyidov: "Tarixdə belə bir hadisə olmayıb"

Səməd Seyidov: "Tarixdə belə bir hadisə olmayıb"

Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Universitetin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, filologiya və jurnalistika fakültəsinin 243-244-cü qrup tələbələrinin təşkilatçılığ ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Xocalı soyqırımını bəşər tarixində törədilmiş ən qanlı cinayət olduğunu bildirib. Səməd Seyidov bu faciənin Azərbaycan tarixindən heç vaxt silinməyəcəyini və daim qan yaddaşımızda yaşayacağını vurğulayıb. Rektor erməni vəhşilərinin, vandallarının xalqımıza qarşı tarix boyu soyqırımı həyata keçirdiyini qeyd edib. Onun sözlərinə görə, ermənilər zaman-zaman bizə qarşı nifrətlərini qanla, ölümlərlə göstəriblər. Xocalıda soyqırım törədənlərin öz layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edən Səməd Seyidov Xocalı faciəsinin dünya ölkələri tərəfindən tanınmasında Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri xüsusilə vurğulayıb. H. Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyasının artıq bütün dünya ölkələrində davam etdirildiyini, xaricdə təhsil alan tələbələrin bu işdə yaxından iştirak etdiyini yüksək dəyərləndirib. Səməd Seyidov bildirib ki, öz dədə-baba yurdundan qovulmuş 1 milyon insanın pozulmuş hüquqları bərpa edilməlidir. Rektor ermənilərə qarşı soyqırımı törədilmədiyi halda, özlərini soyqırımına məruz qalmış millət kimi göstərdiklərini vurğulayıb: "Onlara qarşı guya soyqırımı törədilib. Tarixdə belə bir hadisə olmayıb. Əslində onlar həmişə kiminsə torpağına göz dikib, azərbaycanlıları soyqırımına məruz qoyublar. Xocalı faciəsi də bunu bir daha sübut edir. Torpaqlarımızı zəbt ediblər. Qocaları, cavanları, uşaqları, qadınları öldürüblər".

Səməd Seyidov Azərbaycanın ərazi bütövlüyü bərpa olunacağına və əhalinin doğma yurdlarına qayıdacağına əmin olduğunu bildirib. Rektor qeyd edib ki, dünya birliyi xalqımıza qarşı törədilən soyqırımına göz yummamalıdır.

Tədbirdə bildirilib ki, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışdır.

Sonra tələbələrin ifasında "Xocalı soyqırımı" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Kompozisiyada ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər, Xocalı soyqırımı zamanı əsir düşən qoca, qadın və cavanların çəkdikləri iztirablar öz əksini tapıb. Bununla yanaışı, düşmənə boyun əyməyən xalqımızın qəhrəmanlığı da nümayiş olunub. Milli Qəhrəman Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı lentə aldığı kadrlar mərasim iştirakçılarına göstərilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının səhnəyə gətirilməsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə