Daşkəsəndə Xocalı soyqırımı böyük kədərlə anıldı FOTO

Daşkəsəndə Xocalı soyqırımı böyük kədərlə anıldı FOTO

Daşkəsənlilər Xocalı soyqırımı ilə bağlı ümumrayon anım tədbirinə ciddi hazırlıqla gəlmişdilər. Belə ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin imzaladığı sərəncama və tədbirlər planına uyğun olaraq rayonun bütün ümumtəhsil məktəblərində, mədəni-maarif, səhiyyə müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə bu faciə ilə bağlı toplantılar, dəyirmi masalar, anım mərasimləri keçirilib.

SİA-nın məlumatına görə, faciə ilə bağlı ümumrayon anım tədbiri Daşkəsən rayonundakı Şəhidlər Xiyabanından başladı. Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və rayon ictimaiyyəti fəalları Şəhidlər Xiyabanında abidə kompleksinin və torpaqlarımızın azadlığı, toxunulmazlığı uğrunda canından keçmiş şəhid qəbirlərinin üzərinə tər çiçək dəstələri düzdülər. Sonra Rayon İcra başçısı Şəhidlər Xiyabanını ziyarətə gələn şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşüb, onların ehtiyac və qayğıları, problemləri ilə maraqlanıb.

Görüşdə İcra başçısı qeyd edib ki, Xocalı soyqırımı 20 ildir ki, qəlbində millətə, xalqa, vətənə hörmət gəzdirən hər bir insanın ürəyini göynədir: "Bu yara sağalmazdır, illər keçsə də biz xain düşmənin bu xəyanətini, müstəsna dərəcədə qəddarlıqla törətdiyi soyqırımı unutmayacağıq və bunu unutmağa heç birimizin mənəvi haqqımız da yoxdur".
O, qeyd edib ki, bu faciədən 21 il keçməsinə baxmayaraq onun dəhşətləri hər birimizi yandırır. Bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması üçün Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında dünyanın hər yerində böyük ideoloji təbliğat aparılır. Haqq işinə sərf olunmuş bu ideoloji mübarizəmiz uğurlu nəticələr verməkdədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı çox uğurlu xarici siyasətin nəticəsidir ki, dünyanın 15 ölkəsində, Amerika Birləşmiş Ştatlarının 5 ştatında bu faciəyə soyqırım kimi qiymət verilib, ermənilərin bəşəriyyətə, insanlığa ləkə gətirən bu vəhşiliyi nifrətlə qınanılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə "Xocalıya ədalət" kompaniyası dünyanın müxtəlif ölkələrində bu faciənin tanıdılması baxımından çox uğurlu nailiyyətlər əldə etməkdə, erməni vəhşiliyinin bəşəriyyət üçün qorxulu bir bəla olduğunu təsdiq etməkdə, Azərbaycan həqiqətlərinə əsrlərdən bəri təxribatlar yayan, qara yaxan erməni lobbisinin iç üzünü dünyaya tanıtmaqdadir.

İcra başçısı həmçinin qeyd edib ki, neçə ki, Azərbaycanda Ulu öndərimizin uzun illərə hesablanmış siyasətinə xalq tərəfindən dəstək, böyük inam var, Xocalı soyqırımı beynəlxalq aləmdə öz real qiymətini alacaq:"Möhtərəm Prezidentimizin bu sahədə apardığı siyasət vətəndaş olaraq bizim hər birimizdə böyük inam yaradır. Allah bütün şəhidlərimizə rəhmət eləsin"!

İcra başçısının qısa söhbətindən sonra mərasim iştirakçıları rayon mədəniyyət evinin foyesində məktəblilərin Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə və bu faciədən bəhs edən kitablara baxış keçiriblər.

Sonra anım tədbirinə toplaşanlar A.Mürsəlov adına 2 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları "Xocalı harayı" ədəbi-bədii kompozisiyaya tamaşa etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə