Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Gənclər Təşkilatının və Gənc Diplomatlar Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Universitetdən SİA-ya verilən məlumata görə, anım tədbirində ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova, həmçinin ADU-da təhsil alan Türkiyə, Qırğızıstan, Koreya və digər ölkələrdən də olan tələbələr iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra ADU-nun prorektoru Ələddin Əliyev çıxış edərək bildirib ki, Xocalı soyqırımı bəşər tarixinin ən qanlı cinayətlərindən biridir. Prorektor bu mövzuda gəncləri maarifləndirməyin vacib olduğunu qeyd edib. Ə. Əliyev soyqırıma məruz qalmış insanların qanının yerdə qalmayacağını və dünya ictimaiyyətinin bu soyqırıma kəskin reaksiya göstərəcəyinə əminliyini ifadə edib. Prorektor Xocalı faciəsinin dünya ölkələri tərəfindən tanınmasında Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri xüsusilə vurğulayıb. H. Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyasının artıq bütün dünya ölkələrində davam etdirildiyini, xaricdə təhsil alan tələbələrin bu işdə yaxından iştirak etdiyini yüksək dəyərləndirib.
Hadisənin canlı şahidi "General Əli bəy" adı ilə tanınan Əlövsət Qasımov erməni vəhşiliklərindən danışıb. Ermənilərin xalqımızın başına gətirdiyi başına gətirdiyi vəhşilikləri fotolentə köçürdüyü fotoları təqdim edib.
ADU-nun Azərbaycan tarixi, fəlsəfə və sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu erməni vandalların Azərbaycan xalqınını başına gətirdiyi müsibətlərdən söz açıb. O, dünyanın bu faciəyə səssiz qalmayacağını və ədalətin bərqərar olacağını bildirib.
Digər çıxış edənlər də Xocalı soyqırımının bəşər tarixində misli görünməmiş vəhşilik olduğunu bildiriblər. Bu faciənin soyqırım aktı kimi dünya tərəfindən qəbul edilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə həmçinin Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən şəkillər də nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB