Hərbçilərin pensiya məsələsinə aydınlıq gətiriləcək

Hərbçilərin pensiya məsələsinə aydınlıq gətiriləcək

"Azərbaycanda 2004-cü ilə qədər 20 il xidmət göstərmiş, lakin pensiyaya çıxmamış hərbçilərin məsələsinə aydınlıq gətiriləcək". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov belə deyib. O bildirb ki, 2004-cü ilə qədər "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanun 20 xidmət ili toplamış hərbçilərin pensiyaya çıxmasına imkan verib: "2004-cü ilin yanvarından 20 xidmət ili 20 təqvim ili ilə əvəz olunub. Burada fərq böyükdür. Xidmət ili dedikdə daha az müddətdə 20 ili toplamaq mümkündür. Məsələn, döyüş bölgəsində bir il üç il sayılıb. Təqvim ili isə günə gün 20 ili yığmaqdır. O zaman elə insanlar olub ki, 2004-cü ildə xidmət ili ilə götürdükdə bu hüququ əldə edib, lakin pensiyaya çıxmayaraq xidmətini davam etdirib. Amma indi müraciət edir ki, o hüquqdan istifadə etmək istəyir. Bu da hüquqi problemlər yaradır. Həmin qanunda başqa bir maddədə göstərirdi ki, bu hüquqdan 12 ay ərzində istifadə oluna bilər. Deputatlar isə deyirlər ki, Konstitusiyaya görə yaxşılaşdırıcı halların geriyə şamil olunmasını nəzərə alaraq, həmin adamlara pensiya vermək mümkündür".

Fondun sədri qeyd edib ki, DSMF bu məsələyə tam aydınlıq gətirilməsi, qanunvericiliyin şərh olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək. Səlim Müslümov bildirib ki, bu kateqoriyadan olan şəxslərin sayı o qədər də böyük deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə