Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda, Azərbaycan xalqının qanlı faciəsi - "Xocalı Soyqırımı" ilə əlaqədar anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, baş vermiş faciənin mahiyyəti və acı nəticələri haqqında mərasim iştirakçılarına məlumat verilib.
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək, Dağlıq Qarabağ münaqişəsinin suni olaraq yaradılması nəticəsində baş vermiş Xocalı Soyqırımının bütövlükdə bəşəriyyətə və insanlığa qarşı cinayət olduğunu, bu səbəbdən 26 fevral günün dünya tarixinin də səhifələrinə qanlı hərflərlə yazıldığını bildirıb. Baş konsul təcavüzkar və terrorçu Ermənistan dövləti tərəfindən qadınlara, qocalara, uşaqlara belə rəhm edilmədən törədilmiş növbəti bu soyqırımın böyük Ermənistan dövlətinin yaradılması, tarixi Azərbaycan torpaqlarının işğalı və bu torpaqlarda etnik təmizləmə siyasətinin davam etdirilməsi məqsədilə həyata keçirilmiş ən qanlı qətliamlardan biri olduğunu diqqətə çatdırıb. Baş konsul tarix boyu Azərbaycanla yanaşı həmçinin Türkiyənin bir çox bölgələrində, İranın Urmiyə, Xoy, Maku, Səlmas və digər şəhərlərində də ermənilər tərəfindən törədilmiş soyqırımların da böyük Ermənistan dövlətinin yaradılması ideyaları altında həyata keçirildiyini vurğulayıb, soyqırımı törədənlərin cəzasının tələb edilməsinin ümumilikdə hər kəsin vəzifəsi borcu olduğunu bildirib.
Baş konsul ilk olaraq Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən soyqırım faktı kimi öz siyasi-hüquqi qiymətini almış Xocalı faciəsinin, hazırda dünyanın bir neçə ölkəsi, o cümlədən Meksika, Pakistan, Kolumbiya, Çexiya dövlətlərinin parlamentləri, eləcədə İslam Əməkdaşlıq təşkilatı tərəfindən də siyasi-hüquqi qiymətin verildiyini qeyd edib. Əsaslı dəlil və faktlarla sübuta yetirilmiş bu hadisəyə tezliklə Azərbaycana dost və yaxın olan digər ölkələr tərəfindən də siyasi-hüquqi qiymətin verilməsinin önəmli olduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilib, soyqırım qurbanlarının xatirəsinə ehsan verilib. Xocalı faciəsinə dair DVD filmlər, kitablar, bukletlər, Xocalı əhalisinin dünya ictimaiyyətinə ünvanlanmış müraciəti və fars dilinə tərcümə edilmiş digər əyani materiallar mərasim iştirakçılarına paylanıb. Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən Xocalı Soyqırımına aid şəkillərdən hazırlanmış foto-stendə baxmış, həmçinin sərgilənən kitab və qəzetlərlə tanış olublar.
Mərasimdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, Türkiyənin Təbrizdəki Baş Konsulluğunun əməkdaşları, həmçinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB