Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xocalıların başına gətirilən soyqırım hadisəsini yad etmək məqsədilə tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Xocalı icra hakimi Şahmar Usubov, "Kaspi" Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, "Azərbaycan gələcəyi" Uşaq və Gənclər Təşkilatının 100-ə yaxın şagird kollektivi və bir sıra Xocalı sakinləri iştirak edib. İlk öncə Xocalıda soyqırıma məruz qalan insanların ruhu 1 dəqiqəlik sükutla yad edilib.
İlk olaraq çıxış edən Hicran Hüseynova bildirib ki, ermənilər tərəfindən törədilən Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Soyqırımı nəticəsində uşaq, qadın, qocalar daxil olmaqla çoxsaylı insanın vəhşicəsinə öldürüldüyünü deyən komitə sədri, hadisə nəticəsində 63 azyaşlı uşaq və 106 qadının həlak olduğunu qeyd edib: "Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyulub. 150 nəfər itkin düşüb, 1275 dinc sakin əsir alınıb. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 24 uşaq hər iki valideynini itirib, 487 nəfər isə yaralanıb".
Daha sonra çıxış edən Sona Vəliyeva isə Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan, tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımızın başına gətirilmiş soyqırımlardan biri olduğunu deyib.
Qeyd edək ki, Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində faciənin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması məqsədilə "Azərbaycan gələcəyi" Uşaq və Gənclər Təşkilatının üzvlərilə Hindistan, Livan, Tunis, Fələstin, Latviya Ukrayna, Almaniya, Vyetnam və digər ölkələrin gəncləri arasında internet vasitəsilə dialoq yaradılıb.
Sonda Xocalıdan olan yazıçı publisist Səriyyə Müslümqızının "Xocalı uşaqları - Qan içində qar çiçəyi" kitabının təqdimatı keçirilib.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB