Xocalı aeroportu və Eştonun ağıl dərsi

Xocalı aeroportu və Eştonun ağıl dərsi

Ermənistanın qurduğu separatçı "Dağlıq Qarabağ" rejiminin işğalı altında olan Xocalı hava limanı ətrafında münaqişə tərəflərinin başlatdıqları təbliğat işi artıq özünün kulminasiya nöqtəsinə çatıb. Ermənistan hava limanını yenidən inşa edərək Dağlıq Qarabağa hava xətti açmaqda bir məqsəd güdür: gələcəkdə xarici ölkələrə səfərlər təşkil etmək, əlaqələr yaratmaq və ... qondarma qurunun legitimliyini tanıtmaq. Bundan əlavə Ermənistandan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə hərbi təyinatlı yüklər və əsgəri qüvvələrin daha tez çatdırılmasının təmin edilməsi də bu plana daxildir.

Amma sülh danışıqlarının getdiyi bir zamanda Ermənistanın belə separatçı, pozucu əməllərə imza atması onu göstərir ki, rəsmi İrəvanın Dağlıq Qarabağ torpaqlarından hərbi qüvvələrini çəkmək kimi bir fikri yoxdur, əksinə işğal əməlini davam etdirməklə, Dağlıq Qarabağın işğalını legitimləşdirmək üçün "hava limanı", "insan haqları", "öz müqəddəratını təyin etmək" kimi sərsəm ideyalar ortaya atmaqla vaxtı uzadırlar.

Azərbaycan tərəfi isə beynəlxalq qanunları əlində əsas tutaraq Ermənistanın işğalçı siyasətini cilovlamaq üçün beynəlxalq təşkilatlara, Avropa institutlarına regionda baş verən hadisələr, Ermənistanın 20 illik işğalçı siyasəti barədə məlumatlar verir.

Bəs Avropa İttifaqı və onun qurumları Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı işləri görür? 20 ildir ki, ATƏT-in Minsk qrupu yaradılıb. İtaliyalı diplomat Rafaellonun başlatdığı iş bu gün də dəyişməz qalıb. Ermənilərə gözünün üstündə qaşın var deyən yoxdur. Sanki bu belə də olmalı imiş. Həmsədrlik institutu ermənilərin işğal əməllərinə qarşı bir söz belə deməyib. Hərdən adama elə gəlir ki, həmsədrlər "işğal", "beynəlxalq qanunlar", "müharibə", "ölüm-itim" anlayışlarını anlamırlar. 20 ildir ki, özünə hörmət etməyən bu trio ölkələr sadə, kiçik regional münaqişədə belə ağsaqqallıq edə bilmirlər. Ermənilərin onlara nəyi və necə başa saldıqlarını bilmirik, amma ortada BMT-nin də qəbul etdiyi sərhədlər var, keçmiş SSRİ-nin tərkibində olan respublikaların 70 il sərhədləri olub. Bu gün bütün 15 respublika həmin sərhədlər daxilində tanınır. Bəs necə oldu ki, "böyük qardaş" statusunu 70 il "şərəflə" daşıyan Rusiya həmsədr kimi bütün bunları unudur? Bəli, zor deyilən bir əməldən hamımızın xəbəri var. Belə çıxır ki, indiyədək bütün ölkələr tərəfindən qəbul edilmiş qanunlar yalnız gözə kül üfürmək üçündür. Belə çıxır ki, II Qarabağ müharibəsi həqiqətən qaçılmaz olacaq.

Bu günlərdə separatçı rejimin qanunsuz olaraq Xocalı aeroportundan uçuşlara başlayacaqlarına dair məlumatlar Avropa Parlamentinə, xüsusən bu qurumun xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi xanım Ketrin Eştona sorğu ilə çatdırılıb. Parlamentarilər aeroport məsələsinin regionda qismən yaranmış sabitliyə ciddi ziyan vuracağından narahat olduqlarını bildiriblər.

Xanım Eşton isə ağıl boxçasını açıb və tərəflərə bu nemətdən paylamaq kimi arzu keçib ürəyindən: "ATƏT-in Minsk Qrupu həmsədrlərinin Xocalı aeroportunun istifadəyə verilməsinin gərginliyi artıracağı ilə bağlı narahatlığını ifadə edən 2011-ci il aprel və 2012-ci il iyul bəyanatını tam dəstəkləyirəm. Uçuşların həyata keçirilməsi sülh prosesinə kömək etməyəcək. Aİ olaraq tərəfləri diplomatik həll yolu tapmağa çağırırıq. Tərəflər mülki təyyarəyə qarşı hər hansı təhdid və ya gücdən istifadədən imtina etməli, məsələni diplomatik yolla həll etməli və siyasiləşdirməkdən çəkinmək barədə Minsk Qrupu həmsədrlərinə verdikləri təminatlarına hörmət etməlidirlər". Vəssalam...

K.Eştonun bu açıqlaması Avropa Birliyinin nüfuzuna xələl gətirməkdən başqa bir şey deyil. Əgər qoca Avropanın indiki sahibləri qonşu dövlətlərin rəğbətini, hörmətini qazanmaq istəyirlərsə loyal, qeyri-müəyyən ifadələrdən qaçmalı, münaqişə edən tərəflərə beynəlxalq qanunların sərhədlərini başa salmalı, işğal olunanla, işğal edəni bir-birindən fərqləndirməyi bacarmalıdırlar. Əks halda bundan sonra da "Qoca Avropa"dan ağsaqqal çıxmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə