Müdafiə naziri Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən dövlətlərin iclasına qatılıb

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin Müdafiə Nazirlərinin Brüsseldə NATO Mənzil Qərargahında keçirilən iclasında iştirak edib.

Аzərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin mətbuat xidmətindən yayılan məlumata görə, iclasda ISAF əməliyyatının cari vəziyyəti və NATO-nun Əfqanıstanda 2014-cü ildən sonrakı yeni missiyası müzakirə olunub. Qeyd edilib ki, ölkədə keçid prosesi qaydasında gedir və Əfqan milli təhlükəsizlik qüvvələrinin döyüş bacarıqları artır. Əfqan milli təhlükəsizlik qüvvələri bir neçə aydan sonra ölkə üzrə əsas, 2014-cü ilin sonunadək isə tam təhlükəsizlik məsuliyyətini öz üzərinə götürmək əzmindədir. 2015-ci ildən NATO Əfqanıstanda ISAF-dan həcmcə xeyli kiçik olan yeni qeyri-döyüş xarakterli, təlim, dəstək və yardım missiyasına rəhbərlik edəcək. ISAF yüklərinin Əfqanıstan geriyə daşınması gündəlikdə duran prioritet məsələlərdən biridir.

Brüsselə səfəri çərçivəsində general-polkovnik Səfər Əbiyev bir sıra dövlətlərin Müdafiə nazirləri ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Azərbaycan NATO-nun Əfqanıstanda 2014-cü ildən sonrakı yeni missiyası üzrə potensial əməliyyat tərəfdaşı kimi tanınıb. Həmçinin Əfqanıstandan geriyə daşınma üzrə əsas tranzit xətlərindən biri olan Mərkəz Tranzit yolu Azərbaycan ərazisindən keçir. Əməliyyata hərbi dəstəklə yanaşı, Azərbaycan müxtəlif sahələrdə Əfqanıstana təlim, maliyyə və digər dəstək göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə