Azad Rəhimov: "I Avropa Olimpiya oyunlarına qədər ciddi təmirə ehtiyac var"

Azad Rəhimov: "I Avropa Olimpiya oyunlarına qədər ciddi təmirə ehtiyac var"

"Heydər Əliyev adına İdman Konsert Kompleksində təmir işlərinin aparılmasına ciddi ehtiyac var. Kompleksin məşq zallarında ciddi təmir işləri aparılmalıdır. Atıcılıq stendində də yeni stend tikilməlidir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimovun sözlərinə görə, tüfəng və tapança zallarının tikilməsi vacibdir: "Bakı İdman Sarayında da təmir işləri aparılmalıdır. Daha böyük işlərin Bakı Sərgi Salonunda aparılmasına ehtiyac var. Orada 4 idman növü üzrə yarışların keçirilməsi nəzərdə tutulub. Bu taekvando, karate, badminton və stolüstü tennis oyunlarıdır. Orada tribunalar, sanitar qovşaqları, restoran və kafelər tikilməlidir".

Nazir həmçinin Azərbaycanın I Avropa Olimpiya oyunlarında hansı idman növlərində təmsil olunacağı ilə bağlı sualları da cavablandırıb: "Azərbaycanda keçiriləcək I Avropa Olimpiya oyunlarında ölkəmizin hansı idman növlərində təmsil olunacağı gələn ayın ortalarında təsdiqlənəcək. Azərbaycanın I Avropa Olimpiya oyunlarında əksər növlərdə təmsil olunacağı gözlənilir. Bu növlərdən ikisi qeyri-olimpiya, digərləri olimpiya idman növləridir. Hazırda I Avropa Olimpiya Oyunları ilə bağlı İşçi Qrupu formalaşır, xaricdən mütəxəssislər dəvət olunur. Burada sahələr çox müxtəlifdir, elə sahə var ki, böyük təcrübə lazımdır. Afina, London, Soçi olimpiya oyunlarının təşkilində iştirak edən mütəxəssislər Azərbaycana dəvət olunub və onlardan ibarət komanda bu yaxınlarda Bakıya gələrək işlərə başlayacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə