Bu gün Azərbaycan Dillər Universitetində Azərbaycan Gənc Diplomatlar Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən universitetin prorektoru Ələddin Əliyev bildirib ki, gənclərimizi bu mövzuda məlumatlandırmaq əsas məqsədlərdən biridir.
Xocalı faciəsinin tanınma tarixinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən prorektorun sözlərinə görə, məhz dahi şəxsiyyətin imzaladığı sərəncamdan sonra Xocalı faciəsi Milli Məclis tərəfindən bütün dünyaya çatdırıldı: "Bu sərəncamdan sonra dünyada Xocalı faciəsinin tanıdılması istiqamətində işlər görülməyə başladı. Bilirsiniz, bu həqiqətən də çox ağrılı bir məsələdir. Bunun üçün erməni iddialarına birdəfəlik son qoyulacaq fikir ortaya qoyulmalıdır. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri xüsusilə qeyd etmək lazımdır. Məhz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sayəsində bu gün bizim dərdimizi eşitmək istəyən, haqqımızı, ədalətimizi görmək istəyən hər bir dünya ölkəsinə, xalqına bu faciə artıq məlumdur".
Ə. Əliyev onu da vurğulayıb ki, Xocalı harayını dünyaya çatdırmaq üçün lazımi addımlar mütləq atılmalıdır.
Məlumat üçün bildirək ki, tədbirdə həmçinin Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən şəkillər sərgilənib.
Qeyd edək ki, tədbirdə universitetdə təhsil alan əcnəbi tələbələrdə iştirak edib. Əcnəbi tələbələr arasında Türkiyə, Qazaxıstan, Koreya və digər dövlətləri təmsil edən tələbələr olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB