Bu gün AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları ilk olaraq Xocalı abidəsini ziyarət edib, soyqırımı qurbanlarının xatirəsini gül dəstələri, əklillər və bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan institutun direktor müavani, hüquq elmləri doktoru, professor Bəhrəm Zahidov erməni millətçilərinin əsassız iddialarından danışaraq, Xocalı faciəsinin bəşəriyyət tarixində ən böyük qətliamlardan olduğunu bildirib. O, qeyd edib ki, azərbaycanlılara qarşı edilən bu soyqırım vəhşiliyin görünməmiş bir təzahürüdür. Həmin tarixdən 21 il ötsə də, kədərli faciənin ildönümündə Xocalı şəhidlərinin əziz xatirəsi bir daha yad edilir, tarixi olaylara yenidən nəzər salınır. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərində törədilən soyqırımı Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu diqqətə çatdırıb: "Bir gündə 613 nəfər Xocalı sakini düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca və qarı qətlə yetirildi".
Natiq düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sının uşaq olduğunu bildirib. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulduğunu bildirən B.Zahidov bəşəriyyət tarixində insanlığa sığmayan bu qətliamın ermənilərin mənfur siyasətini bir daha ortaya qoyduğunu bildirib.
Tədbirdə çıxış edən institutun elmi katibi Səidə Əliyeva tarixi gerçəkliklərə nəzər salıb, 1988-ci ildən başlanan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş verən soyqırımın XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilən Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durduğunu bildirib. Bu əsl soyqırımı idi.
Qeyd edib ki, həmin gün insanları vəhşicəsinə diri-diri yandırıb, başlarını kəsib, üzlərinin dərisini soyub, körpə uşaqların gözləri çıxarıblar. Ermənilər hətta meyitləri belə təhqir ediblər: "Belə bir dəhşətli faciə heç bir yerdə görülməyib. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq. Ümummilli Lider Heydər Əliyev hər zaman nəinki Xocalıda, ümumiyyətlə vətən uğrunda canından keçən oğul və qızlarımızı yad edib onların xatirəsini əbədiləşdirmək üçün böyük işlərə imza atıb. Faciənin baş verməsindən yalnız iki il sonra bu bəşəri cinayət öz qiymətini aldı. Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etdi. Sənəddə faciənin başvermə səbəbləri, günahkarların adları təfsilatı ilə açıqlandı".
Bu gün Azərbaycan Prezident İlham Əliyev tərəfindən də bu siyasətin uğurla davam etdirildiyini diqqətə çəkən Səidə xanım Xocalı qətliamının 21-ci ildönümü ilə əlaqədar dünya ölkələrində erməni təcavüzünə qarşı çıxışların səsləndiyini, etiraz aksiyalarının keçirildiyini, eləcə də faciəni əks etdirən broşürlər, CD-lər paylanıldığını söyləyib. Bütün bunlar Xocalı soyqırımının tanıdılmasında əhəmiyyətli rol oynayır. Dövlət tərəfindən Xocalı soyqırımın tanıdılması məqsədi ilə ardıcıl tədbirlər reallaşır. O bildirib ki, Ağ Evin rəsmi saytında Xocalı soyqırımı ilə bağlı yerləşdirilmiş petisiya dünya ictimaiyyətinin diqqətini 1992-ci il fevralın 26-da azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı faktına yönəltmək, bu həqiqətləri beynəlxalq aləmdə tanıtmaq məqsədi daşıyır. Petisiyanı imzalayanlar ABŞ Prezidenti Barak Obamanın administrasiyasını Xocalıdakı qanlı qırğınları tanımağa, faciə qurbanlarının xatirəsini anmağa və proklamasiya qəbul etməyə çağırırlar.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçiliyimiz naminə apardığı haqq işindən danışaraq bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın, bəşəri faciəsidir. Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülmüş, işgəncələrə məruz qalmış və şikəst edilmişlər. Bu faciənin dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə alimlərimizin fəallıq göstərmələri olduqca vacibdir.
Tədbirdə Azərbaycan Diplomatik Akademiyasının əməkdaşı Kamran Behbudov, Xocalı Polis Bölməsinin sabiq rəisi Sabir Məmmədov, Xocalı sakini, yazıçı-publisist Səriyyə Müslümqızı və başqaları çıxış edərək bəşəriyyət tarixində ən qanlı cinayətin ötən əsrin sonlarında Azərbaycanda Ermənistan silahlı qüvvələri tərəfindən törədildiyini bildirdilər.
Qeyd olunub ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, erməni silahlı qüvvələrinin Dağlıq Qarabağda törətdiyi vəhşiliklər və bu vəhşiliyin kulminasiyası olan Xocalı faciəsi erməni silahlı birləşmələrinin qəddar əməllərinin və insanlığa sığmayan vəhşiliklərinin təzahürüdür. Tədbir iştirakçıları Xocalı faciəsi ilə bağlı bir çox məqamlara toxunaraq bu məsələdə hər bir kəsi daha həssas olmağa, tariximizi dərindən öyrənməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB