BAMF-ın həyata keçirdiyi layihənin heyəti Gənclər və İdman Nazirliyində də olub

UNİCEF-in dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi, Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam, Ağcabədi və Beyləqan rayonlarını əhatə edən "Azərbaycan gənclərinə dəstək proqramı" layihəsinin regional liderləri ilə UNİCEF-in ofisində görüş olub. Qurumdan SİA-ya verilən məlumata görə, görüşdə UNICEF-in ölkə direktoru Mark Herevard və qurumun digər rəsmiləri, layihənin əsas koordinatoru Nik Nvolisa, regional koordinator Həcər Əsgərova, regional liderlər Ülviyyə Babayeva, Rafiq Əliyev, Ceyhun Quliyev, Fuad Sadıqov və Nuridə Həsənova iştirak ediblər.

Regional liderlər layihənin icrasında iştirak edən könüllü yeniyetmə və gənclərdən ibarət Təbliğat Qruplarının çoxşaxəli fəaliyyətindən, gənclərin ən çox üzləşdikləri erkən evlilik, narkotikadan istifadə hallarına, sağlam həyat tərzinə, ətraf mühitin mühafizəsinə zidd hallara qarşı mübarizə məqsədilə apardıqları maarifləndirmə və təbliğat işləri barədə Mark Herevarda məlumat veriblər. Onlar layihənin region gəncləri arasında böyük rəğbət qazandığını, gənclərin fəallığının artmasına, innovativ təşəbbüslərin dəstəklənməsinə, regionların sosial-iqtisadi inkişafı proseslərində onların rolunun artmasına təsir göstərdiyini, gənclərin şəbəkəsinin genişləndiyini vurğulayıblar.

UNİCEF-in ölkə direktorunun müavini Rəşid Mustafa gənc liderlərə qurumun dünyadakı və Azərbaycandakı missiyasından danışıb, gənclərin, xüsusilə regionda yaşayan və fəaliyyət göstərən oğlan və qızların fəal həyat mövqeyinin formalaşması, ictimai fəallıqlarının artırılması, sağlamlığının təminatı istiqamətində layihələri daim dəstəklədiyini bildirib.

UNİCEF-in beynəlxalq məsləhətçisi Metyu Nauman gənclərin regionda üzləşdikləri çətinliklərlə, yerli hakimiyyət, özünüidarəetmə orqanları və icma rəhbərləri ilə əməkdaşlıq zamanı üzləşdiklə problemlərlə və hansı dəstəyə ehtiyac duyduqları ilə maraqlandı. Gənc liderlər layihənin icrasına yerli icra strukturları, icma rəhbərləri, gənclər və idman idarələri tərəfindən daim dəstək verildiyini bildirdilər.

"Azərbaycan gənclərinə dəstək proqramı" layihəsinin gənc liderləri həmçinin Gənclər və İdman Nazirliyində görüşdə olublar. Nazir müavini İntiqam Babayev layihənin gedişi ilə maraqlanıb və regionda belə bir layihənin həyata keçirilməsini gənclərin ictimai fəallığının artırılması istiqamətində uğurlu bir addım olduğunu vurğulayıb. O, ölkədə gənclərlə bağlı həyata keçirilən dövlət siyasətindən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi xüsusi etimad və qayğıdan söz açıb. Sonra regional liderlər nazirliyin ayrı-ayrı şöbələrinin fəaliyyəti ilə tanış olublar. Sonda regional liderlərə Gənclər və İdman Nazirliyinin hədiyyələri təqdim olunub.

Qeyd edək ki, məqsədi regiondakı gənclər və yeniyetmələri idarəetmə işlərinə daha yaxından cəlb olunmaları istiqamətində təlimləndirməkdən, ətrafda baş verənlərə daha fəal mövqe nümayiş etdirməyə həvəsləndirməkdən, gənclərin həyatı ilə bağlı müsbət dəyişiklikləri müdafiə etməkdən ibarət olan layihənin icrasına 2011-ci ilin oktyabr ayından başlanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə