“BMT-də Azərbaycanla Türkiyənin bayrağı yan-yana dalğalanır” Turan Budur!

Sinan Oğan: "Qoy Azərbaycan düşünməsin ki, təkdir, yalnızdır. Onun Türkiyə Böyük Millət Məclisində millət vəkilləri var"

Türkiyə Böyük Millət Məclisinin koridorları arasında bir Naxçıvan şivəsi gəldi qulağıma. İki nəfər aralarında söhbət edirdi və mən onlara nə vaxt yönəldiyimi, haralı olduqlarını nə vaxt soruşduğumu xatırlamıram. Gülümsəyərək, "biz Iğdırdanıq" dedilər. Hər ikisi də Millətçi Hərəkat Partiyasının Iğdır millət vəkili Sinan Oğanın danışmanlarıydı.

Sinan Oğan Türkiyə siyasi gündəminə Azərbaycan sevgisi ilə möhür vuran bir deputatdır. Bu günə qədərki bütün fəaliyyətlərində bu xüsus öndə olub. Azərbaycanda da kifayət qədər tanınan və sevilən Sinan bəy qonağımızdır:

- Sinan bəy, Azərbaycanda hansı partiyanı Millətçi Hərəkat Partiyasının fəaliyyət prinsiplərinə bənzər addımlar atan partiya hesab edirsiniz?

- Xüsisi bir seçim edə bilmərəm çünki, biz partiya olaraq elə bir ayrı-seçkilik etməyi düşünmürük. Bütün partiyalar bizim üçün eynidir. Niyə bilirsinizmi? Çünki, Azərbaycan xalqına bir bütün olaraq baxırıq və onun seçdikləri də bizim üçün qiymətlidir.

- Sinan bəy, diqqətimi çəkən bir məqama cavab istəyirəm sizdən: Türkiyə Parlamentində Azərbaycan mövzusu ələ alındığında digər partiyalar və partiyaların millət vəkilləri arasında ən çox önə çıxan isimsiniz. Azərbaycan haqqında duruşunuz digər partiya və onların vəkillərincə necə qarşılanır?

- Açığını demək lazımdırsa bu mövzuda çətinlik çəkirəm. Başqa bir səbəb axtarmaq lazım deyil, mən Azərbaycanı və xalqını sevdiyim üçün onu müdafiə edirəm. Mənim insanıma Xocalıda soyqırım edildiyi üçün gündəmə gətirirəm. Azərbaycan sevgimin altında yatan heç bir səbəb yoxdur. Amma xüsusilə Türkiyədə iqtidar partiyası hər şeyi pulla ölçdüyü üçün zaman-zaman bu cür suallarla da qarşı-qarşıya qalıram: "Sinan Oğan, siz niyə bu qədər Azərbaycanı müdafiə edirsiniz? görəsən bunun arxasında nə kimi səbəblər var?".

Siz bilirsinizmi ki, Türkiyədə Azərbaycan dərnəklərini ilk quran adam mənəm və indi də Azərbaycan dərnəkləri başçısıyam. Eyni zamanda da bu fəaliyyətləri öz cibimdən maliyyələşdirən birisiyəm. Millət vəkili maaşımla Azərbaycan dərnəklərinin xərclərini qarşılayıram. Azərbaycanla bağlı bütün konfrans, dərnək xərclərini öz hesabından könüllü ödəyən birinə ediləcək ən böyük haqsızlıq bu cür suallar sormaqdır. Təəssüf ki, bunu yaşayıram. Açıq söyləyim, mənim Azərbaycanla heç bir ticarət əlaqəm olmadı. Sadəcə və sadəcə sevdiyim üçün edirəm bunları. Və sevdiyim üçün də qurumlarımızda çalışan personalın maaşından tutmuş bütün xərclərinə qədər hamısını özüm qarşılayıram.

Nə diaspora komitəsi, nə də heç kim bunun əksini iddia edə bilməz. "Azərbaycan türkləri" adlı qəzet çıxarıram. Kimsənin bu mövzuda söyləyəcək tək bir sözü yoxdur. Türkiyədə bir millət vəkili düşünün, öz maaşıyla "Azərbaycan türkləri" adlı qəzet çıxarır, Azərbaycan dərnəklərinin icarə haqqını öz maaşıyla ödəyir üstəlik, addımbaşı da bu sualları cavablamaq məcburiyyətində qalır. Niyə?!

- Mənim vətənimdə Türkiyə və xalqına qarşı böyük bir sevgi və hörmət var. Amma Türkiyədə nədənsə Azərbaycan sevgisi yalnız müxalifət partiyası hesab olunan Millətçi Hərəkat Partıyasında və onun tərəfdarlarında daha çox hiss olunur...

- Əslində bunu iqtidar partiyasına sormağınız lazımdır. Mən və mənim partiyam iqtidarda da olsa Azərbaycan sevgimiz əsla dəyişməyəcək. Mən və partiyam müxalifətdədir, yenə bu hal dəyişmir. Bir il yarımdır ki, millət vəkiliyəm. Ondan əvvəl millət vəkili deyildim Azərbaycanı sevmirdimmi? Sizə bir faktı deyim, hələ 1988-ci ildə Azərbaycana məktub yazmışdım. O zaman Sovetlər Birliyi dağılmamışdı, "Azərbaycan gəncləri" deyə bir qəzet vardı indi hələ varmı, bilmirəm. Orda mənim məktubumu dərc elədilər. Mən o məktubda: "mən Azərbaycan kökənliyəm. Türkiyədə yaşayan Azərbaycan Türk gənciyəm.

- Əsliniz hardandır?

- Naxçıvandan. Mən Türkiyənin Iğdır vilayətində doğulmuşam amma atam naxçıvanlıdır. Mən azərbaycanlı qardaşlarımla məktublaşmaq istəyirəm deyə yazmışdım. Sovetlər daha dağılmamışdı. O məktub dərc olunduqdan sonra çoxlu məktublar aldım. Demək istədiyim nədir? Biz Türkiyədə 1988/89-cu illərdə Azərbaycan dərnəyi qurmuşduq. 1990-cı il "20 yanvar" günü rus tankları Bakını işğal eləyəndə Sovetlər Birliyinin İstanbuldakı konsulluğuna hücum elədik. Mən o zaman tələbəydim və bütün bu işlər bizim tələbə xərcliklərimizlə edilirdi. Bunları sadalamaqda demək istədiyim budur, bizim Azərbaycan sevdamız bu gün ortaya çıxmadı. Həmişə vardı, var və olacaq.

Hələ uşaq ikən Araz çayının Türkiyə sərhədində oturub Naxçıvana boylanardım. Və o tərəfləri xəyal edərdim. Mən bu sevgiylə böyümüş adamam. Bir çoxları kimi Azərbaycanı bu gün sevməyə başlamadıq, bu sevgimiz sabah da bitməyəcək. İqtidar olsaq da davam edəcək, müxalifət olsaq da, mənim millət vəkilliyim bitdikdən sonra da! Azərbaycan sevgisi bizim üçün ayrı bir sevgi, ayrı bir idealdır.

- Bir Azərbaycan türkçüsü, millətçisi olaraq şəxsim adına sizə ayrıca təşəkkür edirəm. Və müsaidənizlə sizin bu mövzuda düşüncələrinizi bilmək istəyirəm: Türk dünyası, Turan məfkurəsi sizə görə nə dərəcədə doğrudur?

- Turan ideologiyası çox gerçək bir realitədir. Amma Turana sadəcə coğrafiyaların birləşməsi olaraq deyil, ülkülərin birləşdiyi qəlblərin birləşməsi olaraq görmək lazımdır. Biz əvvəlcə Türkiyə, Azərbaycan, Qazaxıstan, özbək, tatar, Krım, Şərq, Türküstan, Güney Azərbaycan eyni şəkildə İraqda türkmənlər, Suriyadakı Türkmənlər, Avropadakı türklər arasında könüllərdə birlik qurmalıyıq. Bu halda Turan artıq qurulmuş deməkdir. Heç də coğrafiyaların birləşməsi lazım deyil. Nə gözəldir ki, dünyada bir neçə Türk dövləti var. Nə gözəldir ki, Birləşmiş Millətlərdə Azərbaycanla Türkiyənin bayrağı yan-yana dalğalanır. Turan budur! Əgər bu gün biz bir millət iki dövlət deyə biliriksə Turanı qurmağa başlamışıq deməkdir.

- Azərbaycana və Azərbaycan türklərinə söyləmək istədikləriniz...

- Azərbaycana sevgilərimi çatdırın. Qoy Azərbaycan düşünməsin ki, təkdir, yalnızdır. Azərbaycanın Türkiyə Böyük Millət Məclisində millət vəkilləri var. Azərbaycanın Türkiyədə sevənləri vardır. Atatürk deyərdi ki, Azərbaycanın dərdi dərdimiz, sevinci sevincimizdir. Biz də bu gün eyni fikirlərlə, eyni duyğularla Azərbaycanın dərdini öz dərdimiz, sevincini öz sevincimiz kimi görməyə davam edəcəyik. Könül istər ki, bunu daha geniş miqyasda edə bilək. Amma nə etməli ki, imkanlarımız bu qədərinə çatır. Onu da qeyd edim ki, Azərbaycan bunun üçün daha geniş imkanlara sahibdir. Azərbaycanın Türkiyəni də, Avropanı da əhatə edəcək imkanları var. Bu vəzifə də Azərbaycana düşür.

Siz bir Türkiyədən baxın Azərbaycana, o zaman görəcəksiniz ki, burdan baxınca ata yurdum ucalan bir ulduz kimi görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə