Xalqın səsi haqqın səsidir MÜRACİƏT

Masallı rayon ziyalıları müraciət qəbul edib
Xalqın səsi haqqın səsidir MÜRACİƏT

Masallı rayon ziyalılarının müraciəti

Azərbaycan bu gün abadlığına, insanların yaşam tərzinə, əmin-amanlığına, bir sözlə, hər bir insanın taleyindəki işıqlı görüntülərinə görə, dünya ölkələri arasında tərəzinin ağır gözündədir. Xalqımız müstəqilliyini inamlı mübarizəsi hesabına, bu yolda verdiyi şəhidlər, axıdılan qanlar bahasına qazanıb. Şəhər və kəndlərimizdəki şəhid məzarlarında uyuyanların ruhları bu günümüzün qədir-qiymətini bilməyə, müstəqillik dövründəki saf, təmiz, insana təzə ruh verən ab-havanı qorumağa səsləyir.

El-obadakı yeni büsat tabağımızdakı çörəyimizin, əmin-arxayın günlərimizin, başımızın üstündəki aydın səmanın, ayağımız altında cənnətə dönən yerin təntənəsidir.

İnsan ətrafına baxanda qəlbində gördüklərini inikas edən duyğular yaranır. Bu gün hər birimiz çiçəklənib Bahara qovuşan vətənimizlə fəxr edirik, haqlı iftixar hissi keçiririk. Müstəqil Azərbaycan dünya ölkələrinin əksəriyyətinin qərinələrlə keçdiyi yolu 21 illik zaman fasiləsində keçib. Bu meyarda inkişaf edib. İqtisadiyyatımızın tərəqqisi, bünövrəsi üzərində mədəniyyətimizin, təhsilimizin, səhiyyəmizin və digər sahələrin yüksəlişi mövcud olub. Həyatımızın alternativi olmayan bir inkişaf tempi əldə edilib.

Əlbəttə, bu inkişafın yolgöstərəni müstəqil Azərbaycan dövlətidir, onun memarı ümummilli liderimiz Heydər Əliyevin həmişəyaşar ideyalarıdır, ölkəmizin imicini Beynəlxalq aləmdə daim yüksəldən möhtərəm Prezidentimiz İlham Əliyevdir.

Bəli, bu gün Azərbaycanı yaxşı tanıyırlar. Beynəlxalq aləmdə ölkəmizlə hesablaşırlar, regionda aparıcı dövlət kimi qəbul edirlər. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, dünya əhəmiyyətli bir sıra tədbirlərin Bakıda keçirilməsi və onlarla digər arqumentləri gətirməklə ölkəmizin durmadan artan imicinin təsdiqini göstərmək olar.

Bunların içində bolluq və firavanlığı, quruculuq və abadlıq işlərini, həyat səviyyəsinin yaxşılaşdırılmasına, insan amilinə yönəlmiş tədbirlərdən məmnuniyyətlə, özü də saatlarla danışmaq olar.

Söz fakta söykənəndə daha canlı, daha kəsərli olur. Evlərimizin, iş yerlərimizin pəncərələrini açanda bu inkişafın Masallı modeli, Masallı timsalı görünür. Şəhərimizdə, qəsəbə və kəndlərimizdə hər gün ya bir binanın təməli qoyulur, ya da tikilib istifadəyə verilməsi təntənəsi yaşanır.

Masallı camaatının qurub-yaratmaq ovqatı bu gün həmişəkindən daha yüksəkdir. Şəhər təzə görkəmə salınır. Binalar tikilir, küçə və prospektlər, səkilər genişləndirilir, milli ornamentli, şəbəkəli hasarlar qurulur, işıqlanma sistemi, fəvvarələr yaradılır, xiyabanlar salınır, yaşıllaşdırma işləri görülür...

Təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin tikintisi böyük vüsət alıb. Köhnə yaşayış binalarında əsaslı təmir işləri görülməklə yeni, müasir arxitekturaya uyğunlaşdırılır.

Masallıda görülən işlərin, həyata keçirilən layihələrin çəkisi-sanbalı təəccüb ediləcək dərəcədə böyükdür.

Masallı tarixində ilk dəfədir ki, içməli su və kanalizasiya sistemləri yaradılır.

100 min əhalisi olan 38 kəndə içməli su çəkilişi layihəsi həyata keçirilir.

Lakin bu yeniliyi, uğuru, inkişafı gözügötürməyənlər də tapılır. Ağı qara görmək istəyənlər, rəngləri qarışdıranlar, suyu bulandırıb balıq tutmaq arzusunda olanlar, dargözlülər, xəbislər şou düzəltmək, qurub-yaradanların ayağına dolaşmaq, başını qatmaq niyyəti ilə üzə çıxırlar. Onlar ciddi-cəhdlə inkişafımıza əngəl törətmək istəyirlər.

Şər-böhtan atına minib, cilovunu çəkmədən dördnala çapan belələri bilməlidirlər ki, qıratları, bozatları minənlərin xislətində igidlik, qəhrəmanlıq, xalq təəssübü çəkmək olub. Daha müxənnətlik, çörəyi ayaqlamaq, neçə illik münasibətlərə dönük çıxmaq, salam-kəlamı tapdalamaq yox!

Həmin atları - qıratları, bozatları, sonradan da el-oba qeyrəti çəkənlər, Azərbaycan uğrunda, vətənin bütövlüyü naminə canından keçən mübarizlər: Milli Qəhrəmanlarımız, qəlbi Vətən eşqilə döyünənlərimiz mindilər, Qarabağda döyüşdülər.

Ədalətin meydanı geniş, şər və böhtanın mənzili dardır. Belə mənzillərin kirayənişinləri gəmidə oturub gəmiçi ilə savaş əqidəsindədirlər. İnsanın məqsədi, məramı onun xislətində açılır. Belələri bir gözünün kor olmasını istəyirlər ki, təki qonşu iki gözündən olsun.

Dünən çömçətutan, paybölən idilər. İri, yağlı tikəni öz qabaqlarına çəkirdilər. Bölgüdə mahir tərpənirdilər. Lap üçü filankəsin, beşi filankəsin, yerdə qalanla da işi filankəsin timsalında. Lakin nə üçün, nə beşin qədrini bilmədilər. Necə deyərlər, kimlərləsə çörək kəsmədilər, kiminsə çörəyini kəsdilər...

Bu gün cəmiyyət həmin insanları yaxşı tanıyır. İqtidarda olublar, vəzifə tutublar, necə deyərlər, qılınclarının dalı da kəsib, qabağı da. Nöqsanlarına görə vəzifədən çıxarıldıqdan sonra cəmiyyətə qarşı dönüblər. Bu, Məmmədağa Eynullayevin ətrafına yığdığı bir neçə nəfərdən ibarət qurumdur. Məqsədləri birdir. Dövlət idarələrinin yolunu su yoluna döndərir, əsassız şikayətləri ilə vaxt alırlar. İşlədikləri vaxtda öz gözlərində tiri görməyən belələri indi başqasının gözündə qıl axtarırlar.

Məmmədağa Eynullayevi hamımız tanıyırıq. Vaxtilə rayon icra hakimiyyəti aparatında vəzifə tutub. Adı bir sıra qalmaqallarda, alış-verişdə hallanan, tutduğu posta dönüklük edən, vəzifə səlahiyyətləri çərçivəsində onlarca insanı aldadan şəxs bu gün ona-buna şər və böhtan atır. Qərəzinə, şəxsi ambisiyasına söykənib ləyaqətli adamlar barədə ictimaiyyətdə yalnış fikir formalaşdırmağa çalışır. Bəs niyə məhz bu gün? Hamının yadındadır ki, vaxtilə tutduğu vəzifədən aşağı vəzifəyə keçirildi. Onda səsini niyə çıxarmırdı? Bu gün isə dəstəsilə açmadığı qapı, şikayət göndərmədiyi ünvan qalmayıb. Belə müraciətlər, şikayət məktubları adətən çox vaxt Masallı ziyalıları adından ünvanlanır, guya onların mövqeyi kimi göstərilir. Lakin Məmmədağa Eynullayevin çoxsaylı ziyalılar adından danışmağa mənəvi haqqı yoxdur.

Belələri ölkəmizdəki, rayonumuzdakı inkişafı ya görmür, ya görmək istəmir.

Axına qarşı getmək, görünən ünvanı qəsdən səhv salmaq, hamının xoşuna gələn, təqdir etdiyi görüntünü pisləmək gülüş doğurur.

Xalqın iradəsinə əks getmək fikrində olanlara demək istərdik: Əyri ağacın əyri meyvəsi olar! Danışanda əlini vicdanının üstünə qoy danış! Cahil özünün düşmənidirsə, özgələrinə necə dost ola bilər? Əgər daha yaxşısını qurub-yarada bilmirsənsə (bunu bacarmazsan da) ucdantutma hər şeyi qaralama! Bir də bil ki, haqq ağacını daşa da əksən qurumaz. Xalqın səsi isə haqqın səsidir!

Qardaş Fətullayev, Masallı Rayon Ziyalılar Cəmiyyətinin sədri.

Qoşqar Hətəmov, ziyalılar cəmiyyətinin üzvü.

Ələşrəf Niftiyev, ziyalılar cəmiyyətinin üzvü.

Rafiq Bağırov, ziyalılar cəmiyyətinin üzvü.

Əyyub Mehdiyev, ziyalılar cəmiyyətinin üzvü.

Mirqabil Hüseynov, ziyalılar cəmiyyətinin üzvü.

Fəxrəddin Talıbzadə, ziyalılar cəmiyyətinin üzvü.

Rəsul Rzayev, ziyalılar cəmiyyətinin üzvü.

Vidadi Nəzərov, ziyalılar cəmiyyətinin üzvü.

Bəybala Xəlilov, ziyalılar cəmiyyətinin üzvü.

Həsənağa Əliyev, AJB Masallı rayon təşkilatının sədri, ziyalı.

Yeganə İsmayılova, ziyalılar cəmiyyətinin üzvü.

Hüseyn Hüseynov, ziyalılar cəmiyyətinin üzvü.

Abbas Abbaszadə, ziyalılar cəmiyyətinin üzvü.

Əzimov İsmayıl, ziyalı.

Əkbərov Taryel, ziyalı.

Əzimova Minəvyar, ziyalı.

Məmmədov Şahismayıl, ziyalı.

İsrafilov Nazim, ziyalı.

Mütəllimov Balamirzə, ziyalı.

Ağayev Vəli, ziyalı.

Yaqubova Kəmalə, ziyalı.

Lələyeva Gülnar, ziyalı.

Eyvazova Əpruzə, ziyalı.

Nəzərov Elman, ziyalı.

Əhədov Anar, ziyalı.

Rəhimov Elağa, ziyalı.

Bayramov Azad, ziyalı.

Bütün xəbərlər Facebook səhifəmizdə